DÜNƏNİ UNUDAN ÇOXÜZLÜ ƏCLAFLAR



 11:58 24.01.2024     337

Bu gün dünən danışdıqlarının əksini danışanlardan, dünən söydüklərini bu gün yaltaqcasına mədh edənlərdən, arsızcasına əqidəsini, prinsiplərini özünün, balalarının qarnına, xoş güzəranına qurban verənlərdən zəndeyi-zəhləm gedir.

Bu adam istəyir müğənni olsun, istəyir, alim, istəyir siyasətçi olsun, istəyir ictimai xadim, istəyir QHT rəhbəri, ya mətbuat nümayəndəsi, istəyir dövlət məmuru olsun, qara qəpiyə dəyməz. İndiki kimi yadımdadı, illər əvvəl hazırda üzdə olanlardan biri mənsub olduğu partiyanı atıb iqtidar partiyasına keçəndə soruşmuşdular, niyə elədin bunu? 

Demişdi, neyniyim, balalarım var. Bir adam əvvəllər buraxdığı səhvləri “dövlətin, xalqın mənafeyi bunu tələb edir” məntiqi ilə deyil, “balalarımı düşünməliyəm” kimi əclaf zehniyyəti ilə "düzəldirsə", onun nə dövlətə, nə xalqa xeyiri dəyəcək. Onların səhvlərini anladıqdan sonra qazandığı haram pullarla yetişdirdiyi balalar da özündən betər əclaf zehniyyət sahibi olacaqlar. Belə adamlar üçün əqidə, prinsip, xalq, dövlət anlayışı olmadığından, çətin vaxtda “ləbbeyk” deyib baş əydiklərini, canına sadağa olduqlarını bir dəqiqəyə satarlar. Dövlət arsız saxtakarlardan, idarəetməni qanmayanlardan, dünənini unudub bu gün hamıya yuxarıdan aşağı baxanlardan, qorxaqlardan, pulun məcnunu olanlardan, vəzifəyə, pula görə ən alçaq əməllərə gedənlərdən təmizlənəndə daha güclü olur!

İlham TUMAS