DYP-dən baş verən son qəzalarla bağlı hərəkət iştirakçılarına MÜRACİƏT
Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsi son günlər baş verən yol-nəqliyyat hadisələri ilə bağlı hərəkət iştirakçılarına müraciət edib.
İdarənin baş inspektoru, polis mayoru Araz Əsgərli Demedia.az-a bildirib ki, son günlər baş vermiş yol-nəqliyyat hadisələrinin hər biri məsuliyyətsizliyin nəticəsidir:
“Sıxlıqlardan, tıxaclardan qat-qat vacib olan məsələ təhlükəsizlikdir. Baxın, baş vermiş hadisələrin heç biri nə sıxlıqda, nə də tıxacda olmayıb. Deməli, yollarımızın ən böyük problemi sürücülərin, piyadaların və ya sərnişinlərin hərəkət qaydalarına, təhlükəsizliyin təminatına ciddi yanaşmamağın yol açdığı faciələrdir. Əksəriyyət qayda-qanunun olmasını istəsədə təəssüf ki həmin qaydaların özündən kənarda olmasını istəyir! Min bir bəhanə ilə hər kəsin özünü haqlı çıxartmaq və qaydaların yanından ötüb keçmək arzusu var. Nədənsə bəzi insanlar başa düşmürlər ki, göz görə-görə özlərini təhlükəyə atmaq ağır hadisələr nəticəsində baş verən faciələrdən onları sığortalamır. Bir daha sizdən xahiş edirik ki, yola çıxan yaxınlarınızdan, doğmalarınızdan, dostlarınızdan ehtiyyatlı olmağı tələb edin. Yol hərəkəti qaydaları həyati əhəmiyyətlidir, səhvləri bağışlamır”.