“Azəriqaz”: “Təbii qazın verilişində heç bir dayanma halı müşahidə olunmayıb”
Dünən axşam saatlarından başlayaraq indiyə qədər istər regionlarda, istərsə də Bakı və Abşeron ərazisində havaların kəskin soyumasına baxmayaraq, təbii qazın verilişində heç bir dayanma halı müşahidə olunmayıb.
Bunu Demedia.az-a açıqlamasında Azərbaycan Dövlət Neft şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyev bildirib.
Onun sözlərinə görə, buna zərurət yaranmayıb: “Soyuq hava şəraiti davam edəcəyi belə halda, “Azəriqaz”ın abonentləri təhlükəsiz və davamlı qaz təchizatı ilə təmin etmək imkanları mövcuddur”.
E. Vəliyev bildirib ki, bu gün gecə saatlarında havalar kəskin olaraq soyumağa başlayıb: “Bu kəskin hava şəraiti qışa xarakter daşıyırr. Bu baxımdan “Azəriqaz” fors-major hallara və ümumiyyətlə soyuq hava kütləsi hallarına hazır idi. Çünki, qurum ilin bütün fəsillərində, qışa, məhz bu cür havalara hazırlıq görür. Axşam saatlarından bizim mobil qruplarımız və qəza-bərpa xidmətinin əməkdaşları gücləndirilmiş iş rejimində çalışmağa başladılar. Bunun üçün heyyətimiz iki dəfə artırılıb. Bakı və Abşeron üzrə, eyni zamanda Rayon Qaz İstismar İdarələrinin əməkdaşları rayon və bölgələrdə bu prosesi layiqincə yerinə yetirməyə başladılar”.
“Azəriqaz” rəsmisi qeyd edib ki, axşam saatlarından “Azəriqaz”ın 104 Çağrı Mərkəzinə qazın təzyiqində problemlə bağlı 281 zəng daxil olub: “57 abonent qazın olmaması ilə bağlı 104 Çağrı Mərkəzinə müraciət edib. Eyni zamanda, 41 abonent qaz sızması ilə bağlı bizim məlumat mərkəzinə məlumat verib. Əməkdaşlarımız hava şəraitindən asılı olmayaraq dərhal hadisə yerində olublar. Sızmanın aradan qaldırılması istiqamətində dərhal fəaliyyətə başlayıbar. Bu məsələlər bir necə saat ərzində həll olunub. Eyni zamanda, bu işlərin arasında çox vaxt aparan işlər də olub. Bütün hallarda təhlükənin qarşısı layiqincə alınıb”.
E.Vəıliyev həmçinin bildirib ki, bu gecə “Azəriqaz”a dəm qazından zəhərlənmə halı ilə bağlı 7 müraciət daxil olub: “İstənilən halda “Azəriqaz” İstehsalat Birliyi bu qışa tam hazırdır. Geniş anlamda hər hansı problemlə bağlı “Azəriqaz”a müraciət daxil olmayıb. Bununla belə, lokal problemlər qaçılmazdır. Soyuq və qarlı, yağışlı hava kütləsi olduğu müddətdə “Azəriqaz” gecə-gündüz abonentlərin çətin vəziyyətdə qalmamasına çalışacaq”.