Sülhməramlı kontingentinin yerləşdiyi ərazilərdəki şərait təhlil edildi
Yanvarın 14-də Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə keçirlən xidməti müşavirədə Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi ərazilərimizdəki əməliyyat şəraiti geniş təhlil edilib.
Bu barədə Demedia.az-a Müdafiə Nazirliyindən məlumat verilib.
Toplantıda Azərbaycan-Ermənistan şərti sərhədindəki durum da müzakirə edilib.
Z.Həsənov bölmələrin döyüş hazırlığının yüksək səviyyədə saxlanılması və baş verə biləcək istənilən təxribatın qarşısının alınmasına hər an hazır olunması barədə konkret tapşırıqlar verib.
Silahlanmada olan yeni silah və döyüş texnikasının şəxsi heyət tərəfindən öyrənilməsi, onların düzgün istismarı və effektiv tətbiqi məqsədilə mütəxəssis hazırlığına xüsusi diqqət yetirilməsinin əhəmiyyəti vurğulanıb.
Qeyd edək ki, müşavirədə nazir müavinləri, qoşun növləri komandanları, nazirliyin baş idarə, idarə və xidmət rəisləri, eləcə də videobağlantı vasitəsilə hərbi birlik və birləşmə komandirləri iştirak ediblər.