Ölümə də meydan oxunur - Ölüm, sən bir heçsən tərzində
20 Yanvar... 1990... Yaddaşa həkk olunmuş acı yaşantılar... Şəhidlərin dəfnindəki qərənfil yağışı... səsiz axan göz yaşları...səssizlik... səssizlik... Səssizlikmi, yoxsa lal üsyan! Milli acıya Milli dirəniş göstərilirdi o gün Bakıda... Nə bizi əhatə edən silahlı sovet əsgərləri, nə gecə Bakını viran etmiş tanklar, nə də göydən səpələnən ”Fövqalədə vəziyyətdir, dağılışın, atəş ediləcək” yazılmış vərəqələr bir heçdi o günkü milli birliyimizin gücü qarşısında...
Və illər keçəçək Türkiyənin Kayseri şəhərində Bakının işğalına etiraz olaraq 10 minlik aksiya təşkil edən soydaşlarımızdan biri – “ Turan” cəmiyyyətinin qurucusu və sədri Ali İhsan Öztürklə tanış olacam.
20 Yanvarla bağlı bir yazı hazırlamam gərkdiyində dərhal Ali İhsan bəyi düşündüm. Ali İhsan bəylə o, acı günlərə dönürük. Bu acı necə duyuldu, qısa bir müddətdə izdihamlı etiraz nümayişi necə təşkil edildi deyə maraqlanıram. Ali İhsan bəy xatirələrini çözələyir. ” Erciyəz Universitetinin üçüncü kursundaydım. O zamanlar Türkiyədən kənarda yaşayan türk soyllarına qarşı qəribə bir maraq, sevgi yaranmışdı və onlarla əlaqədər bütün prosseləri izləyirdik. Mən də o idioloji kəsimdə idim. Bakının işğal edilməsi - qadın,uşaq, ahıl demədən insanlarımızın tankların altında əzilməsi kimi dəhşəti televiziyadan duyduq. Tələbə yoldaşlarımızla axşam yeməyi yeyirdik. Loxma boğazımızda qaldı. Təşkilatlanma işləri gecə ikən başlandı. Dəqiq xatırlamıram, Yanvarın 23-ü , ya 24-ü 10 min etrazçının qatıldığı bir aksiya keçirdik. Fərqli idaloji düşüncəyə sahib qruplar anında belə birləşmişdi. Çünki söbət Azərbaycandan, qan qardaşlarımızdan gedirdi.”
Həmsöhbətimə o zaman Azərbaycandakı informasiya blokadasını- televvizya qülləsinin partladılması, qəzetlərin nəşrinin dayandırlması və yalnız Azadlıq radiosu vasitəsi ilə dünyadan məlumat ala bilməmizi anladıram. Radionun əməkdaşı Mirzə Xəzərin şərhində - Türkiyədə bütün xalqın Bakının işğalına etiraz etməsini, Moskvada dünya miqyaslı siyasəti H. Əliyevin Qarbaçov hakimiyyyətinin təzyiqlərindən çəkinməyərək Azərbaycan nümayəndiliyinə gəlib Bakının işğalını cinayət adlandıraraq dünya ictimayyətinə bəyan etməsini dinlərkən ağladığımı nəql edirəm. Ali İhsan bəy söhbətinə davam edir.” Başqa necə ola bilərdi ki?! Bizim də canımız yanmışdı. Qan qardaşlarımız faciə ilə üzləşmişdi. Bakının harayına yetişməliydik. Gecə ikən müəyyən lahiyələr cizildi. Nümayişcilər magistral yolla 3 km yüruyərək Kayseri Cumhuriyyət Meydanına daxil olmalı və mitinq başlamalı idi . Elə də oldu. Rəhmətlik advokat Nevzat Türkden, Erciyez universitetini müəlllimi Mustafa Öztürk və bir çoxları çılğın nitq söylədilər . “Bakı dərhal işğaldan azad olunmalı”, “ İşğalçı ordu rədd ol” və. s şüarlar səsləndi. İqtidarlar gəldi-gedər olur. Sözü həmişə xalq deyir. O zamankı Türkiyə iqtidarına, Beynəlxalq qurumlara müraciət edilərək, Bakının sovet ordusu tərəfindən işğalına təpki vermələri tələb edildi. Mitinqin bəyannaməsi oxundu. O mitinq ilk izdihamlı mitinq idi. O zamana qədər Kayseridə belə bir möhtəşəm mitinq olmamışdı. Elə bir il olmayıb ki, biz 20 Yanvar, Xocalı faciələrini müxtəlif tədbirlərlə anmayaq. Bəzən izdihamlı, bəzən dörd- beş nəfərlə. 2006-ci ildə Kayseri Cumhuriyyət Meydanında Türkiyədə ilk olaraq 20 Yanvar Şəhidlərinin xatirəsinə anım lövhəsi asdırdıq və 20 Yanvarla bağlı bütün tədbirimizi artıq orada keçirirk. Hətta bir dəfə tədbirimizi 19-dan 20-nə keçən gecə keçirdik. Nədən tədbiri gecə keçirdiyimizi soruşanlara ” bunu biz yox, sovet ordusu seçdi” -deyə, cavablandırdıq. Sovet ordusu dinc xalqa qarşı hərbi cinayət törətdi. Cəmiyyətimizin adından da bəllli olduğu kimi Türk dövlətlərindən Erciyes Universitetində təhsil alan tələbələrlə sıx əlaqələrimiz var. Umumiyyyətlə Türkiyə xaricində 20- yə yaxın təmsilçi qurumlarımız var ki, onlarla birgə 20 Yanvar, Xocalı faciələrini daha geniş maştabda sərgiləməyə çalışırıq. Amma mən 20 Yanvar hadisəsinə təkcə faciə kimi baxmıram. 20 Yanvar həm də bir qəhrəmanlıq tarixidir. Azadlıq mücadiləsidr. Xalq Azərbaycana qarşı törədilən hərbi cinayətə susmadı. Əksinə, əli yalın belə silahlı sovet ordusun qarşı savaş apardı.”
Əli yalın savaş... Yaman tutur bu ifadə məni. Və mən şahidi olduğum, illlərdir tələbələrimə anlatdığm bir hadisəni Ali İhsan bəyə də nəql edirəm.
Ölümə də meydan oxunur
Ölüm, sən bir heçsən tərzində
20 Yanvarda təxminən saat 10- 11 radələrində tələbə yoldaşlarımızla Prezident Aparatının qarşısında keçirlən etiraz aksiyasına qatıldıq. Mitinqi dəyərli ziyalımız Anar idarə edirdi. O millətinə bu gecə sitəm etmiş kommunist partiyanın üzvü olmaqdan imtina etdi ve biletini cibindən çıxararq atdı... Yüzlərlə kommunist bileti atıldı. Kommunist biletlərindən tonqal alovlandı. Hadisələri zaman baxımından dəyərləndirməyə çalışsaq bu hərəkət o dövr üçün həyatı bahasına başa gələcək bir addım idi. Heyhat, milli faciə ilə üzləşərkən məntiq deyilən bir qavram olmur. Bütün davranışlar qan bağının, qan yadddaşının tabeliyinə keçir və yazıcımız Anar Bakının işğalında sovet rəhbərliyini, bilavasitə M. Qarbacovu günahlandırır, cinayət məsuliyyətinə cəlb edilməsini tələb edirdi. Etirazçıların getdikcə artması, kəskin tələblər təbii ki, işğalçıları narahat edirdi. Nümayişi dağıtmaq üçün Bakı Soveti metrosu istiqamətindən nümayişçilərin üzərinə bir tank irəlilədi. Bu zaman tünd göy rəndə plaş geyinmiş bir adam, qollarını yana açaraq tanka doğru getməyə başladı. Gecəki vəhşilikdən- tankların insanları şumlamasından xəbərdardım. O, adamı tankın əzməsini görməmək üçün gözlərimi bərk -bərk yumdum. ”Dayandı, dayandı” səslərinə qorxa -qorxa gözlərimi açdım. O adam qolları yana açılmış, sinəsini tanka doğru dayamışdı!
İl 1993... “ Aydınlıq” qəzetində 20 Yanvar faciəsinin ildönümü ilə bağlı məqalələr hazırlanırdı. Soyuq olduğundan hamımız bir otaqda oturmuşduq. Şahidi olduğum bu hadisəni danışdım. Mənimlə üz-üzə oturmuş Məmməd Nazimoğlu( Çayçı Məmməd) gülümsəməyə başladı. Çox pis oldum. Yeni işçi sayılırdım. Bir ilim hələ tamam deyildi. Yalançı durumunda qalmamq üçün israla təkrar etdim ki, mən bu hadisəni gözümlə görmüşəm. Məmməd müəllim yenə gülə - gülə “ O, bu kişidir”-deyib, “ Aydınlığ”ın redaktoru Babək Hüseynoğlunu göstərdi.
Şok oldum. Babək müəllimin hələ də geyindiyi tünd göy tiklas plaş kino lenti kim xəyalımda canlandı. Gözlərimi necə bərəltdiyimi indi də xatırlayıram . Sonralar yersiz bir sual verməmdən utandım. Və yaxşı ki, məhz həmin yersiz sualı vermişəm. Sordum:” Babək müəllim qorxmadınız? ” Sağ əli ilə sol əlinin barmaqlarını bir-bir qatlayaraq dedi:” Əsli, mövzü VƏTƏN olanda, adamın gözünə nə ana görünür, nə ata görünür, nə ailə görünür, nə uşaq görünür. Ölümdən qorxmursan! Ölümü düşünmürsən!”
Mövzü VƏTƏNSƏ! Ölümə də meydan oxunur. Ölüm, sən bir heçsən tərzində. Ölümün üzərinə dimdik, düz gözünün içinə baxa -baxa gedilir. 44 günlük savşda gedildiyi kimi…
Məmləkətimin azadlığı uğrunda canlarını fəda etmiş, daima borclu olduğumuz Şəhidlərimizin ruhu qarşısında baş əyir, Qazilərimizə şəfa diləyirəm.
Əsli Xəlilqızı