"Məktəblərdə DİN tərəfindən həyata keçirilən tədbirlərin xüsusi əhəmiyyəti var"



 15:48 25.01.2023     558

Bu danılmaz bir həqiqətdir ki, məhsuldar insan kapitalı üçün keyfiyyətli fərdlər gərəkdir. İnsanın gücünü şərtləndirən bilik və bacarığın mənbəyində isə təhsil və tərbiyə dayanır.

Təəssüflər olsun ki, son zamanlar məktəblərdə uşaqların döyülməsi ilə bağlı yayılan məlumatları ürək ağrısı ilə izləyirik. Uşaqları döyməklə tərbiyə etmək olmaz. Onları döyülməyə öyrəşdirmək gələcəkdə müxtəlif cinayətlərə əl atmasına səbəb ola bilər. Uşağı döyməklə tərbiyə etmək onu kor quyuya atmağa bərabər deməkdir. Psixologiyada belə bir anlayış var ki, hansısa təcavüzün qurbanı daha sonra həmin aqressiyanı özündən zəif insanın üzərinə tökür: "Zorakılıq qurbanı sonradan özü də zorakılıq törədən insana çevrilə bilər”. Sözsüz ki, uşağın tərbiyəsində müəyyən qadağalar da olmalıdır. Fiziki təzyiqlə döyməyin arasında fərq var, bunu hər bir valideyn, müəllim, tərbiyəçi başa düşməlidir.

Məktəblərdəki şiddətin əsaslı şəkildə önünə keçməyin yolu müsbət məktəb iqliminə sahib olmaqdan keçir. Bunun üçün isə məktəb direktorları daimi olaraq DİN ilə sıx əməkdaşlıq etməli, məktəb, təhsilalan və valideynlər arasındakı əlaqə və münasibəti daim yaxın tutmalıdırlar. Eyni zamanda valideynlər bəzən məktəbə sadəcə övladları ilə yaşanan problemlə əlaqədar onların fikir və təkliflərini almaq üçün də dəvət edilməlidirlər.

Bu halda bir məqamı xüsusilə vurğulamaq lazımdır ki, bununla bağlı respublikamızda yetkinlik yaşına çatmayanların hüquqlarının müdafiəsi, eləcə də onlar tərəfindən törədilən hüquqpozmaların qarşısının alınması və profilaktikası sahəsində kifayət qədər qanunvericilik bazası yaradılmışdır. Daxili İşlər Nazirliyinin (DİN) Baş İctimai Təhlükəsizlik İdarəsinin yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyasının əməkdaşları yetkinlik yaşına çatmayanların cinayətə meyilliliklərin fəsadları və onların məruz qaldıqları zorakılıqdan müdafiəsi, təhsildən qərəzli şəkildə yayınmaların qarşısının alınmasında daxili işlər orqanlarının rolu barədə mütəmadi olaraq maarifləndirici görüşlər keçirirlər.

Düşünürəm ki, ərazi polis orqanlarında yetkinlik yaşına çatmayanlar və azyaşlılar üzrə inspektorların təyin olunması yerində və çox düşünülmüş addımdır. Məktəblərdə, təlim-tərbiyə müəssisələrində DİN tərəfindən həyata keçirilən tədbirlərin əsas məqsədi hüquqi maarifləndirmə ilə yanaşı, insan ləyaqətini alçaldan işgəncələrin də yolverilməz olduğunu təbliğ etməkdən ibarətdir. Daxili İşlər Nazirliyinin bu səpkidə həyata keçirdiyi tədbirlərin, layihələrin uğurla nəticələnməsinin əsas səbəblərindən biri uşaq hüquqları barədə çoxsaylı nəşrlərin buraxılması, məktəblərdə maarifləndirici xarakterli təlimlərin keçirilməsi, sosial şəbəkələrdə yerləşdirilən təlimat xarakterli məlumatlar və s.-nin sistemli şəkildə aparılmasıdır.

Təlimlər zamanı polis əməkdaşları tərəfindən yeniyetmə və gənclərin təhsilə təşviq edilməsi, sağlam həyat tərzinin təbliği, onlarda vətənpərvərlik hissinin daha da yüksəldilməsi, şiddətə məruz qalan yeniyetmə və gənclərin bunu lazımi orqanlara çatdırması, öz hüquqlarını bilməsi və s. anlaşıqlı şəkildə öyrədilir.

Ümumiyyətlə, polis və məktəb həmrəyliyi valideynlərin də maariflənməsində mühüm rol oynayır. Məsələn, tədbirlərə valideynlərin də dəvət edilməsi qarşıya çıxan problemlərin həllinə kömək edir. Belə ki, müzakirə edilən məsələlərə onların yanaşma mövqelərinin bildirilməsi valideyn-övlad münasibətlərinin də polis tərəfindən daha aydın öyrənilməsini təmin edir. Belə desək, ailədə uşağın zorakılıqla üzləşməsi və bu kimi digər məsələlər bu cür tədbirlərdə ünsiyyət zamanı ortaya çıxır.

Polisin şagirdlərə, xüsusən azyaşlılara psixoloji yanaşması da diqqətçəkəndir. Cəmiyyət tərəfindən sərt reaksiya ilə qarşılanmayan hər hansı bir əməl, belə deyək, məktəbdə “böyük hadisə”dir. Əlbəttə, uşaqdır deyib, keçmək olmaz. Lakin sərt cəza tədbirləri də onların psoxoloji durumunu zədələyə bilər.

Sağlam cəmiyyətin, xoşbəxt gələcəyin, dövlətin sütunlarının bönövrəsinin məktəbdə qoyulduğunu unutmamalıyıq. 44 günlük Vətən müharibəsində polisin, həkimin, müəllimin, bir sözlə gələcəyimizi qoruyanların sayəsində zərərli vərdişlərdən uzaq olan şagirdlərimiz-gəncliyimiz bizə bu böyük Qələbəni qazandırdı. Bu qarşılıqlı münasibətin nəticəsidir ki, uşaq hüquqlarının qorunması istiqamətində ölkəmizdə səmərəli mühit formalaşmışdır.

Elmar Məmmədov,

"Azərbaycan-Ukrayna" Beynəlxalq Alyansının sədri

Aadalet.az