“Macara” barədə iddialar yalan çıxdı



 20:40 25.01.2023     362

Bu günlərdə “Rövnəq Abdullayev və Mikayıl İsmayılov meşəni qıraraq tikdirdiyi oteldə qaziləri döydürdü - ŞOK İDDİA” sərlövhəli yazı diqqətimizi cəlb etdi.

Demedia.az ilkin olaraq sözügedən məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan Redaktor.az-ın sorğusuna verilən cavabı diqqətinizə çatdırır:

“Quba Rayon Polis şöbəsinə “Macara” Otel Kompleksində qazilərin döyülməsi barədə hər hansı məlumat və ya şikayət daxil olmayıb”.

Həmçinin ölkəmizdə qazilərin problemləri ilə məşğul olan “Qarabağ Qaziləri” İctimai Birliyinin mətbuat xidmətinin rəhbəri Rey Kərimoğlu da Redaktor.az-ın sorğusuna cavab olaraq dedi ki, təmsil etdiyi birliyə “Macara” Otel Kompleksində qazilərin döyülməsi barədə hər hansı rəsmi, yaxud şifahi məlumat bildirilməyib.

Yəqin ki, yazını yazan və süjeti hazırlayan “jurnalist” dostlarımız bu faktı araşdırsaydılar tamam başqa şey yazardılar.

Bizim araşdırmamız zamanı hətta o da məlum oldu ki, “Macara” Otel Kompleksinin daxil olduğu “Macara Club Tourism Hospitality and Managment” MMC-nin təsisçisi və direktoru adları yazıda çəkilənlər deyil, tamam başqa şəxslərdir. Adı çəkilən MMC-nin təsisçisi və direktoru  Quba rayon sakinləri Babək Orucov və Faiq Məmmədovdur.

Həmkarlarımız araşdırma apararkən bizim kimi müvafiq qurumlara sorğu göndərsəydilər, dəqiq və yalan olmayan faktları əldə edərdilər. Çünki jurnalist eşitdiyini deyil, gördüyünü yazmalıdır.

Bundan başqa, sözügedən məqalədə və süjetdə “Macara”nın rəhbərləri “Bulaqdərə” su anbarının (Çənlibel gölü-red.) üstündə yerləşən gölü qurutmaqda ittiham edilirlər.

Araşdırmamız zamanı məlum oldu ki, “Macara” Otel Kompleksi fəaliyyətə başladığı ildə əraziyə təmizləyici qurğular yerləşdirilib və Çənlibel gölünə çirkab sularının axıdılmasının qarşısı tamamilə alınıb.

Ötən əsrin 70-ci illərində suvarma məqsədi ilə yaradılmış bu göldə suyun səviyyəsinin son illərdə azalması tendensiyası müşahidə edilirdi. Bunun qarşısının alınması məqsədi ilə, otel rəhbərliyi tərəfindən özəl investisiya hesabına yaxınlıqdakı yeraltı su mənbələrindən mexaniki su xətti çəkilərək müntəzəm şəkildə gölün suyunun yenilənməsi həyata keçirilib və öncəki illərlə müqayisədə suyun səviyyəsi xeyli qalxıb.

Həmçinin təbiətin ahəngini və vizual gözəlliyi pozmadan gölətrafı piyada səkilərinin qurulması və gölə aparan avtomobil yollarının bərpası “Macara”nın rəhbərliyi tərəfindən həyata keçirilib.

Digər tərəfdən, qonaqların istirahətlərini səmərəli təşkil etmək üçün otel kompleksinin rəhbərliyi tərəfindən şəxsi imkanları hesabına gölə müxtəlif balıq növləri alınaraq buraxılıb.

Məntiqlə düşünsək otel rəhbərliyinə gölün qurudulması sərf etmir. İstirahət mərkəzinə daha çox tursit cəlb etmək üçün gölün, çayın, meşənin olması daha məqsədəuyğundur.

Bu araşdırmamızdan belə qənaətə gəlmək olur ki, bəzi “jurnalist” həmkarlarımız eşitdikləri məlumatı araşdırmadan və dəqiqləşdirmədən oxucuların ixtiyarına verirlər. Bu yazıda qazilərin döyülməsi məsələsi vurğulanmasaydı, biz xeyli vaxt sərf edib araşdırmanı aparmazdıq.

Bununla da həmkarlarımıza xatırlatmaq istəyirik ki, hər hansı məsələ barədə səthi deyil, dəqiq və qərəzsiz araşdırma aparılmalıdır. Çünki əks halda jurnalistikanın imicinə mənfi zərbə vurulur.