Kamran Əliyev iranlı həmkarı ilə danışdı



 15:58 14.02.2023     333

Fevralın 13-də qarşı tərəfin təşəbbüsü ilə Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyev ilə İran İslam Respublikasının Baş prokuroru Məhəmməd Cəfər Montazeri arasında telefon danışığı olub.

Demedia.az xəbər bverir ki, Baş prokuror Montazeri yanvarın 27-də ölkəmizin Tehrandakı Səfirliyinin binasında törədilmiş cinayət hadisəsinə görə təəssüf hissi keçirdiyini bildirərək, Azərbaycan xalqına, zərərçəkmişlərin ailə üzvlərinə başsağlığını ifadə edib.

İranın Baş prokuroru azərbaycanlı həmkarını cinayət işinin istintaqının gedişatı haqqında ətraflı məlumatlandırıb. Kamran Əliyev Azərbaycan Respublikasının İrandakı səfirliyinə qarşı törədilmiş terror aktını pisləyərək Azərbaycanın aidiyyəti istintaq qurumunda cinayət işinin istintaqının davam etdiyini həmkarının diqqətinə çatdırıb.

Baş prokuror İran tərəfindən cinayət işinin tam və hərtərəfli araşdırılmasının, bütün iştirakçıların müəyyən edilərək məsuliyyətə cəlb olunmasının, bu terror aktının törədilməsinə səbəb və şəratinin araşdırılmasının zəruriliyini vurğulayıb.

Sonda hər iki tərəf bu cinayət işinin nəzarətdə saxlanmasına və qarşılıqlı hüquqi yardım çərçivəsində əməkdaşlıq edilməsinə dair razılıq əldə ediblər.