Quş qripinə qarşı monitorinqlər keçiriləcək
Respublika ərazisini yüksək patogen quş qripi xəstəliyindən qorumaq məqsədilə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən növbəti epizootoloji monitorinqlər keçiriləcək.
Bu barədə Demedia.az-a AQTA-dan məlumat verilib.
Bildirilib ki, monitorinqlərin təşkili məqsədilə Agentliyin, Qida Təhlükəsizliyi İnstitutunun, Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri Mərkəzinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin, Səhiyyə Nazirliyinin Xüsusi Təhlükəli İnfeksiyalara Nəzarət Mərkəzinin əməkdaşlarından ibarət İşçi qrupu yaradılıb.
2023-cü ilin 20-24 fevral tarixlərində keçiriləcək növbəti epizootoloji monitorinqlər zamanı Biləsuvar, Şabran və Xızı rayonlarındakı Mahmudçala, Ağzıbir və Yaşma ovçuluq təsərrüfatlarını, Abşeron yarımadasında, Salyan, Ağcabədi və Lənkəran rayonlarındakı Abşeron, Şirvan, Ağ Göl, Qızılağac milli parklarınının su-bataqlıq, dənizsahili zonalar və digər ərazilərini əhatə etməklə, əraziylə yanaşı, çöl quşlarına ümumi baxış keçirilməsi, xəstəlik törədicisinin aşkar edilməsi məqsədilə çöl quşların ovlanması planlaşdırılır. Eyni zamanda həmin müddətdə Bakı şəhərində, Şabran, Cəlilabad, Ucar, Beyləqan və İmişli rayonlarında fəaliyyət göstərən sənaye əsaslı iri və kiçik quşçuluq müəssisələrində, o cümlədən Bakı şəhərinin, Abşeron, Şabran, Xızı, Ağcabədi, Siyəzən, Salyan, Biləsuvar və Lənkəran rayonlarının ailə təsərrüfatlarındakı ev quşlarından laborator müayinə aparılması üçün diaqnostik nümunələr götürüləcək, habelə ölkə üzrə təsərrüfatlara ümumi baxış keçirilməklə, baytarlıq norma və qaydalarına əməl olunması üçün məqsədyönlü maarifləndirmə-təbliğat tədbirləri həyata keçiriləcək və epizootoloji məlumatlar toplanaraq təhlil ediləcək.
Əlavə olaraq, monitorinqlərin aparıldığı dövr ərzində təbiət ərazilərində, ailə və fermer təsərrüfatlarında quduzluq və xırdabuynuzlu heyvanların taunu xəstəlikləri üzrə müşahidələrin aparılması, xəstə və ya tələf olmuş heyvanlara rast gəlindikdə isə diaqnostik nümunələrin götürülməsi nəzərdə tutulub.