Türkiyədə zəlzələdə həlak olmuş Hümam İsmayıllı ilə vida mərasimi keçirilir
Türkiyədə baş vermiş zəlzələdə həlak olan azərbaycanlı tələbə Hümam İsmayıllı ilə Sumqayıt şəhərində vida mərasimi keçirilir.
Vida mərasimində mərhumun ailə üzvləri, yaxın qohumları, ictimaiyyət nümayəndələri, şəhər sakinləri, Sumqayıt Şəhər İcra Hakimiyyətinin rəhbərliyi iştirak edirlər.
Yaxınları Hümam İsmayıllını son mənzilə yola salmaq üçün vaxtilə yaşadığı ünvana axın edir, cənazəsi üstünə tər güllər düzürlər.
Xatırladaq ki, Malatya şəhərindəki İnönü Universitetində təhsil alan azərbaycanlı tələbələrin meyitləri uzunmüddətli axtarışdan sonra fevralın 14-ü tarixində tapılıb.
Qeyd edək ki, fevralın 6-da ocağı Türkiyənin Kahramanmaraş şəhərinin Pazarcık rayonu olan 7,7 maqnitudalı və 9 saat sonra episentri eyni şəhərin Elbistan rayonu olan 7,6 maqnitudalı iki zəlzələ olub. Güclü yeraltı təkanlardan sonra bölgədə 6,6 maqnitudayadək yüzlərlə afterşoklar qeydə alınıb.
Təbii fəlakət nəticəsində azı 35 418 nəfər ölüb.//Report.az