Din həm də təhlükəsizlik məsələsidir - Deputat



 18:15 03.03.2023     330

"Din tarixin bütün dövrlərində cəmiyyətlərin həyatında ciddi rol oynayıb, siyasi proseslərə təsir imkanlarına malik olub. Sovet hakimiyyəti uzun illər dini insanların həyatından çıxarmağa çalışsa da bu rejimin süqutundan sonra insanların sürətlə dinə qayıdışı həmin siyasətin uğurlu olmadığını göstərdi".

Demedia.az xəbər verir ki, bunu millət vəkili Ceyhun Məmmədov deyib.

Onun sözlərinə görə, qərbdə də dinin cəmiyyətdə rolu ilə bağlı müxtəlif yanaşmalar mövcuddur:

"Bəzi nəzəriyyələrə görə bəşəriyyət yüksək inkişaf və tərəqqiyə nail olduqca dinin insanların həyatına təsirinin azalacağı iddia olunurdu. Ancaq dünyada baş verən son proseslər də göstərdi ki, dinin insanların həyatından çıxarılması və təsirinin tamamilə azaldılması mümkün deyil. Əsas proseslərin düzgün idarə olunmasıdır".

Ceyhun Məmmədov dünən vəfat edən Hacı Şahin Həsənlinin dəfnində yaşanan izdihamlara da münasibət bildirib:

"Dünən Bakıda Hacı Şahin Həsənlinin dəfnində yaşanan izdiham və bütün sosial şəbəkələrdə bu məsələnin gündəm məsələ olması Azərbaycan cəmiyyətində də dinə münasibətin nə qədər həssas olduğunu bir daha göstərdi. Qeyd etmək lazımdır ki, Hacı Şahin son illər ümummilli məsələlərdə dövlətin yanında idi, vətəndaşlıq mövqeyi nümayiş etdirirdi. Onun bu yanaşması bəzi dindar qruplar, xüsusilə də İrana bağlı şəxslər tərəfindən birmənalı qarşılanmır və ciddi tənqid olunurdu. Burada belə bir sual da yaranır ki bundan sonra proseslər necə inkişaf edəcək? Onun yolunu kim davam etdirəcək? Bu boşluq necə doldurulacaq?"

"Son baş verən hadisələr  Azərbaycanın dövlət-din münasibətləri modelini təkmilləşdirilməsinin, dinə daha həssas münasibətin bəslənilməsinin, daha çevik qərarların qəbul edilməsinin, islahatların daha da sürətləndirilməsinin, yeni dini liderlərin yetişdiriməsininin nə dərəcədə əhəmiyyətli olduğunu bir daha göstərir", - deputat qeyd edib.