X Qlobal Bakı Forumu dünya mediasının diqqət mərkəzində
Azərbaycan paytaxtında ötən gün işə başlayan “Dünya bu gün: Çağırışlar və ümidlər” mövzusunda X Qlobal Bakı Forumu ilə bağlı müxtəlif ölkələrin aparıcı KİV-lərində silsilə məqalələr dərc olunub.
Demedia.az “AZƏRTAC”a istinadən xəbər verir ki, məqalələrdə Bakının onuncu dəfə təşkil etdiyi bu mötəbər tədbirə qatılan nüfuzlu siyasətçilərin, dövlət və hökumət başçılarının, sabiq prezidentlərin, beynəlxalq təşkilatların rəhbərlərinin dünya gündəminin ilk sıralarında yer alan mühüm məsələlər barədə müzakirələr apardıqları, müasir çağırışlarla bağlı həll yollarını araşdırdıqları qeyd olunub.
İtaliyanın Nova agentliyində yayımlanan “Qlobal Bakı Forumu davam edir, Avropa və Asiya arasında problemlər və imkanlar”
mövzusunda məqalədə Prezident Sercio Mattarellanın Forum iştirakçılarına təbrik məktubu yolladığı qeyd olunub və məktubda yer alan fikirlərə yer verilib. İtaliya Prezidentinin məktubda Qlobal Bakı Forumunun anlaşma və sülh şəraitində birgəyaşayış dəyərlərini təbliğ etdiyini, məqsədin xalqlar və mədəniyyətlər arasında əməkdaşlıq və dialoqu stimullaşdırmaq olduğunu vurğuladığı bildirilib. Həmçinin qeyd edilib ki, Prezident Sercio Mattarella təbrik məktubunda Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin ildən-ilə xalqlar və mədəniyyətlər arasında əməkdaşlıq və dialoqu stimullaşdırmaq üçün xalqlar arasında qarşılıqlı anlaşma və dinc yanaşı yaşama dəyərlərini təbliğ etdiyini və bunu bir daha təsdiqlədiyini xüsusi vurğulayıb.
Bu ölkənin “Askanews.it” portalında dərc olunan “Qlobal Bakı Forumu anlaşma və sülh şəraitində birgəyaşayış dəyərlərini təbliğ edir” sərlövhəli məqalədə Forumda mühüm mövzularda müzakirələrin aparılacağı bildirilib. Qeyd olunub ki, Forumun birinci günündə NATO-nun dayanıqlılığı, iqlim dəyişiklikləri və qlobal istiləşmənin yaratdığı təhdidlər, dünyanın üzləşdiyi təhlükələr, o cümlədən nüvə və ərzaq təhlükəsizliyi, həmçinin daşımalar, enerji təhlükəsizliyinin təmin olunması və digər məsələlər də müzakirə olunacaq. Bununla yanaşı, Forumun gündəliyində enerji dəhlizlərinə dair mövzuların da yer aldığı, mühüm enerji qovşağı və qaz təchizatçısı kimi önəmi getdikcə artan Azərbaycanın rolunun İtaliya üçün vacib önəm daşıdığı vurğulanıb.
Yazıda Prezident Sercio Mattarellanın təbrik məktubunda Forumun olduqca mühüm mövzuya həsr edildiyini, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi tərəfindən həyata keçirilən tədbirlərin əməkdaşlıq və dialoqun, qarşılıqlı anlaşma və sülhün təşviqinə yönəldiyini bildirdiyi qeyd olunub.
Bosniya və Herseqovinanın aparıcı nəşrlərində də Qlobal Bakı Forumuna dair məqalələr yayımlanıb. Bu ölkənin “Slobodna Bosna”, “Dnevni Avaz”, “Federalna.ba”, “Vijesti.ba”, “Mostarski.ba”, “Biznis.ba” və digər portallarında yer alan yazılarda bildirilib ki, Qlobal Bakı Forumu dialoq, əməkdaşlıq və həmrəyliyi təşviq etmək məqsədilə dünyanın müxtəlif ölkələrindən siyasi, biznes və akademik liderlərinin iştirakı ilə Azərbaycanın paytaxtı Bakıda keçirilən beynəlxalq tədbirdir. Azərbaycan Prezidentinin himayəsi ilə keçirilən Foruma 60-dan çox ölkədən 400-ə yaxın iştirakçı qatılıb. Qlobal Bakı Forumu oxşar çağırışları və məqsədləri paylaşan, bəşəriyyəti narahat edən problemlərlə əlaqədar yeni yanaşma və həll yolları təqdim edən mühüm dialoq platformasıdır. Forum həm də Azərbaycanın regionda lider kimi potensialını göstərməsi, mədəniyyətini və tarixini təbliğ etməsi baxımından bir fürsətdir.
Yazılarda Prezident İlham Əliyevin Bakı Forumunun açılış mərasimindəki çıxışına xüsusi diqqət yetirilib. Dövlətimizin başçısının Avropa Komissiyası ilə Azərbaycan arasında enerji sahəsində Strateji Tərəfdaşlıq sazişinin imzalanması, ölkəmizin Avropaya təbii qaz tədarükünü artırdığı, qazın ümumi ixracını genişləndirməsi barədə fikirlərinə yer verilib. Bundan başqa, Prezident İlham Əliyevin çıxışında Azərbaycanın sədrliyi müddətində Qoşulmama Hərəkatının fəaliyyətinin canlandırılması, Azərbaycanın torpaqlarını işğaldan azad etməsi, əməkdaşlığın və qarşılıqlı anlaşmanın gücləndirilməsi məsələləri barədə fikirləri oxucuların diqqətinə çatdırılıb.
İspaniyanın “Europapress” və “ABC Internacional” portallarında yayımlanan məqalələrdə Prezident İlham Əliyevin Qlobal Bakı Forumunun açılışındakı çıxışında Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması və ölkəmizin Avropanın enerji təhlükəsizliyindəki rolu barədə fikirləri əksini tapıb. Məqalələrdə dövlətimizin başçısının sülh müqaviləsinin imzalanması və fürsəti əldən verməməsi barədə Ermənistana çağırış ünvanladığı qeyd olunub. “Azərbaycan Prezidenti İlham Əliyev bu cümə axşamı təsdiqlədi ki, davamlı gərginlik və daha kiçik miqyaslı qarşıdurmalara səhnə olan münaqişədən sonra Ermənistanla indi sülhün vaxtıdır və İrəvanı fürsəti əldən verməməyə çağırdı”, - deyə yazılarda vurğulanıb. Həmçinin Prezident İlham Əliyevin çıxışında Azərbaycan dövlətinin 2020-ci ildə müharibənin başa çatmasından dərhal sonra Ermənistanla sülh müqaviləsinin əsasını təşkil edəcək məşhur beş prinsipi qarşı tərəfə təqdim etdiyini bildirdiyi qeyd olunub.
Bundan başqa, məqalədə dövlətimizin başçısının “Hazırda onlar üçün öz qonşuları ilə qonşu kimi davranmaq şansı yaranıb. Bir sözlə, biz sülh istəyirik. Biz hər hansı digər müharibəni istəmirik. Hesab edirik ki, sülhə nail olmaq olar. Ötən ilin oktyabrında Azərbaycan ilə Ermənistan arasında razılaşdırılmış məsələlər, xüsusən də, bir-birinin suverenliyinə və ərazi bütövlüyünə hörmət əslində onu göstərir ki, sülhə nail olmaqda maneə yoxdur” sözləri də oxucuların diqqətinə çatdırılıb.
Yazılarda Azərbaycan Prezidentinin münaqişənin tarixindən bəhs etdiyi, Ermənistanın azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti aparması və bir milyondan çox azərbaycanlının doğma torpaqlarından qovulması, İrəvanın vəziyyəti münaqişəni dondurmaq cəhdləri, münaqişənin nizamlanması səylərinin nəticəsiz qalması, Ermənistanın işğal dövründə ərazilərimizdə törətdiyi barbarlıq, urbisid, kultursid, ekosid əməlləri barədə məlumat verdiyi, ölkəmizdə azlıqların hüquqlarının Konstitusiyamız tərəfindən qorunması və Azərbaycanın Qarabağ bölgəsində yaşayan ermənilərin həyatının işğal dövründən daha yaxşı olacağını əminliklə ifadə etməsi xüsusi vurğulanıb.
İspan KİV-lərində dərc olunan məqalələrdə Prezident İlham Əliyevin Azərbaycanın Avropaya təbii qaz ixracını artırması, yaşıl enerjinin ixracına başlaması barədə fikirləri də oxucuların diqqətinə çatdırılıb.
Moldovanın aparıcı nəşrləri də Qlobal Bakı Forumuna geniş diqqət ayırıb. Bu ölkənin nüfuzlu “Publika” nəşrində dərc olunan məqalədə Foruma yüksək səviyyəli dövlət və hökumət rəsmilərinin qatıldıqları bildirilib. Yazıda Forumun iclaslarında iqlim, qida və nüvə təhlükəsizliyi, bölünmüş dünyada həmrəyliyin və əməkdaşlığın gücləndirilməsi, həmçinin səhiyyə, miqrasiya, münaqişələr və digər problemlər ətrafında müzakirələrin aparılacağı qeyd olunub. Məqalədə Moldovanın də bu tədbirdə fəal təmsil olunduğu vurğulanaraq bildirilib ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi qlobal problemlərin həlli yollarını araşdıran və bu barədə dünya ictimaiyyətini məlumatlandıran mühüm beynəlxalq mərkəzə çevrilib. Bunun nəticəsidir ki, Mərkəzin təşkil etdiyi tədbirlərə maraq ildən-ilə artır.
Bu ölkənin “Noi.md” nəşrində yer alan xəbərdə Prezident İlham Əliyevin Forumun açılışındakı çıxışında Ermənistan ilə münasibətlərin normallaşdırılması istiqamətində Azərbaycan dövlətinin təşəbbüsləri barədə fikirlərindən söz açılıb.
“Jurnal.md” nəşri isə Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında oynadığı mühüm rola xüsusi diqqət yetirərək, Prezident İlham Əliyevin çıxışında ölkəmizin Avropaya qaz tədarükünü ildən-ilə artırması barədə sözlərinə geniş yer verib.
Xorvatiyanın “jutarnji.hr” portalında yayımlanan məqalədə dünya gündəmini narahat edən məsələlərin müzakirə olunduğu Qlobal Bakı Forumunda Xorvatiyanın sabiq prezidentləri Kolinda Qrabar-Kitaroviçin, İvo Yosipoviçin, Stepan Meşiçin və digər nüfuzlu şəxslərin iştirak etmələrinin bu ölkənin Bakının təşəbbüslərinə böyük önəm verməsinin göstəricisi olduğu vurğulanıb. Qeyd edilib ki, X Qlobal Bakı Forumu son dərəcə aktual mövzuya həsr olunub. Bu, dünyada artan gərginliklərin və problemlərin həlli yollarının araşdırılmasına Bakının böyük önəm verdiyini göstərir.
Məqalədə Azərbaycan Prezidentinin Forumun açılışındakı çıxışına da xüsusi yer ayrılıb, dövlətimizin başçısının Ermənistan ilə Azərbaycan arasında sülh müqaviləsinin imzalanması, işğal dövründə ərazilərimizdə törədilən cinayətlər, Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi dövründə həyata keçirdiyi mühüm tədbirlər, ölkəmizin qazın və yaşıl enerjinin ixracını genişləndirməsi istiqamətində atdığı addımlar barədə ətraflı məlumat verilib.
X Qlobal Bakı Forumu barədə Misir mətbuatında da məqalələr yayımlanıb. Bu ölkənin “El Watan” və “Al-Ain” nəşrlərində Azərbaycanın 2013-cü ildən ev sahibliyi etdiyi Qlobal Bakı forumlarında dinlər və sivilizasiyalararası dialoq, dünyada baş verən proseslər, etnik münaqişələr və digər qlobal problemlərin müzakirə olunduğu, onların həll yolları barədə fikir mübadiləsinin aparıldığı bildirilib. Vurğulanıb ki, builki Forum da olduqca mühüm mövzuya həsr edilib. “Dünya bu gün: Çağırışlar və ümidlər” mövzusuna həsr olunan X Qlobal Bakı Forumunda 61 ölkədən 360-a yaxın nümayəndə, 4 Prezident, 2 Baş nazir, 6 spiker və nazir, BMT-nin 5 qurumunun rəhbərlikləri, 25 sabiq prezident, 21 sabiq Baş nazir, 23 ölkənin xarici işlər nazirlərinin müavinləri olmaqla, ümumilikdə 61 ölkədən 360-dək nümayəndə iştirak edir.
Məqalələrdə məlumat verilib ki, bu mötəbər tədbirdə yeni dünya nizamına təhdid yaradan amillərə, o cümlədən təhlükəsizlik məsələsinə və sülhün təmin olunması üçün perspektivlərə, bölünmüş dünyada dayanıqlılığın qurulmasına, onun qlobal sülhə təsirinə nəzər salınacaq, qarşıda duran çağırışların həlli yolları müzakirə olunacaq, dünyanı sarsıdan münaqişələrə, meqatəhdidlərə, o cümlədən iqlim təhlükəsizliyi, qida təhlükəsizliyi və nüvə təhlükəsizliyi məsələlərinə toxunulacaq, postpandemiya dövründə görüləcək işlərlə bağlı fikir mübadiləsi aparılacaq.
Yazılarda Prezident İlham Əliyevin Forumun açılış mərasimində çıxışına da geniş yer verilib, dövlətimizin başçısının fikirlərindən sitatlar gətirilib.
Türkiyə KİV-ləri də X Qlobal Bakı Forumunu, xüsusilə Prezident İlham Əliyevin çıxışında səsləndirdiyi fikirləri diqqət mərkəzində saxlayıb. Qardaş ölkənin Anadolu agentliyi, “TRT Avaz”, “Hürriyet” qəzeti, “Sondakika.com” və digər KİV-lərində yer alan xəbərlərdə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə keçirilən Forumda 61 ölkədən 360 iştirakçının qatıldığı bildirilib.
Anadolu agentliyində yayımlanan məqalədə Prezident İlham Əliyevin Azərbaycan ilə Ermənistan arasında sülh müqaviləsinin imzalanması istiqamətində irəli sürdüyü təşəbbüslər, Ermənistanın bu mühüm fürsəti əldən verməməsi barədə dövlətimizin başçısının çağırışı, Ermənistanın işğal dövründə törətdiyi cinayət əməlləri barədə fikirlərinə geniş yer verilib.
“Hürriyet” qəzetində dərc olunan yazıda isə Azərbaycan Prezidentinin Avropanın enerji təhlükəsizliyinin təmin olunması istiqamətində atdığı addımlar, qazın ixracının genişləndirilməsi, yaşıl enerjinin ixracına başlanılması barədə fikirləri oxucuların diqqətinə çatdırılıb. Məqalədə dövlətimizin başçısının “Rusiya-Ukrayna müharibəsi başlayandan sonra biz qaz təchizatı və ya onun artırılması ilə bağlı 10-dan artıq Avropa ölkəsindən müraciət almışıq və onun üzərində işləyirik. Təsadüfi deyil ki, Avropa Komissiyası Azərbaycanı etibarlı tərəfdaş adlandırır. Bu, elə bir haldır ki, biz hər zaman etibarlı tərəfdaş olmuşuq” fikri xüsusi vurğulanıb.
Qeyd edək ki, bütün məqalələrdə Azərbaycan Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə keçirilən Qlobal Bakı Forumunun dünya ictimaiyyətini dərindən narahat edən məsələlərin həlli yollarını araşdıran və bu istiqamətdə müzakirələr apara bilən müstəqil beynəlxalq platformaya çevrildiyi qeyd olunub.