İlham Əliyevdən laçınlılara ŞAD XƏBƏR



 14:22 28.03.2023     453

"Müharibə başa çatan kimi Laçın rayonunun yenidən qurulması ilə bağlı işlərə start verilmişdir. Amma Laçın şəhərinin yenidən qurulması keçən ilin avqustun 26-dan bu yana icra edilir".

Publika.az xəbər verir ki, bunu Prezident İlham Əliyev Məsim Məmmədovu Prezidentin Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Laçın rayonunda xüsusi nümayəndəsi təyin olunması ilə əlaqədar qəbul edərkən bildirib.

"Sizə və Azərbaycan ictimaiyyətinə bildirmək istəyirəm ki, birinci mərhələdə Laçın şəhərində 500-ə yaxın fərdi ev inşa edilir və ya ermənilər tərəfindən dağıdılmış evlər yenidən bərpa olunur. Çoxmərtəbəli səkkiz yaşayış binası yenidən qurulur, ya da ki, tamamilə əsaslı təmir olunur və 30-dan çox ictimai bina inşa edilir. Mənim göstərişimlə bütün bu işləri biz bu ilin sonuna qədər başa çatdırmalıyıq, bu, sadəcə, birinci mərhələ olacaq. Bu evlərin sayı göstərir ki, minlərlə insan artıq bu ilin sonuna qədər Laçın şəhərində yaşayacaq və laçınlılar bu il öz doğma diyarına qayıdacaqlar", - deyə dövlət başçısı qeyd edib.

İlham Əliyev bildirib ki, eyni zamanda, Laçın şəhərində Heydər Əliyev Fondunun xətti ilə məscid inşa ediləcək:

"Məscidin təməlini də mən Laçında olarkən özüm şəxsən qoydum və çox gözəl yerdə bizim dini məbədimiz yaxın gələcəkdə inşa ediləcəkdir.

Bununla paralel olaraq, Zabux və Sus kəndlərinin tamamilə yenidən qurulması prosesinə start vermişik. Zabux kəndində 1000-dən çox, Sus kəndində isə 300-dən çox insan yerləşəcək. Xaricdə yaşayan ermənilər Zabux kəndində, yenə də deyirəm, o cinayəti törədən Ermənistan dövləti ilə birlikdə bir kənd salmışdılar, evlər tikmişdilər. O evlərdə indi bizim hərbi birləşmələrimizin şəxsi heyəti yerləşir. Ancaq Zabux kəndinin sakinləri üçün tamamilə yeni kənd salınır.

Bununla yanaşı, bildirməliyəm ki, Güləbird və Qorçu kəndlərinin Baş planı mənim tərəfimdən təsdiqləndi. Birinci mərhələdə Güləbird kəndində 2400, Qorçu kəndində isə 1300 insanın yerləşməsi nəzərdə tutulur. Yəni, gətirdiyim bütün bu rəqəmləri nəzərə alaraq, hər kəs görə bilər ki, yaxın gələcəkdə - bu il və gələn il biz Laçın rayonuna təqribən 10 minə yaxın, bəlkə də çox keçmiş köçkünü yerləşdirəcəyik".