1988-1992-ci illərdə 250 mindən artıq Qərbi azərbaycanlı deportasiyaya və təqibə məruz qalıb
1988-1992-ci illər ərzində qeyd olunan cinayətlər planlı şəkildə davam etdirilib, Ermənistan hökuməti, "Qarabağ" və "Krunk" komitələri tərəfindən Qərbi Azərbaycanın 185 yaşayış məntəqəsindən 250 mindən artıq azərbaycanlı öz doğma torpaqlarından, ev-eşiyindən zorla qovulmaqla deportasiyaya və təqibə, 216 azərbaycanlı erməni silahlı qüvvələri tərəfindən xüsusi amansızlıqla qəsdən öldürülməklə soyqırıma məruz qoyulub.
Demedia.az-ın xəbərinə görə, bu barədə Azərbaycan Baş Prokurorluğunun yaydığı məlumatda əksini tapıb.
Qeyd edilib ki, 1948-1953-cü illərdə 150 mindən çox azərbaycanlı Ermənistan SSR ərazisindəki dədə-baba yurdlarından kütləvi surətdə və zorakılıqla sürgün edilib, minlərlə insan, o cümlədən qocalar və körpələr ağır köçürülmə şəraitinə, kəskin iqlim dəyişikliyinə, fiziki sarsıntılara və mənəvi iztirablara dözməyərək həlak olub.
Xatırladaq ki, “Qərbi Azərbaycan İcması” İctimai Birliyi, Qaçqınların və Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət Komitəsi və Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının müraciəti əsasında Azərbaycan Respublikası Baş Prokurorluğunun İstintaq idarəsində araşdırma aparılıb.