Afrikalı tələbəni kim öldürmüşdü? Araşdırma - I yazı


Dövlət Təhlükəsizliyi Xidmətinin arxiv materialları əsasında hazırlanıb
İlham Tumas
1965-ci ilin payızında o vaxt Leninin, indisə Tofiq Bəhramovun adını daşıyan respublika stadionunun yaxınlığında naməlum kişi meyiti tapıldı. Başı küt alətlə əzilərək öldürülmüşdü. Meyitin şəxsiyyətini tezliklə müəyyənləşdimək mümkün oldu. Çünki öldürülən şəxs qaradərili idi...
Qanadan olan tələbə
Bu ölkəyə elə indi də Afrikanın zibilxana paytaxtı deyirlər. Çünki burada elə zibilxanalar var ki, biri, az qala yekə kənd boydadı. Yerli sakinlər üçün bu zibilxanalar həm də qazanc mənbəyidi. Camaat elə zibilxanadaca zibilləri bir-birindən ayırırlar, yığırlar və ya nəsə düzəltməyə, ya istifadəyə, ya da satmağa aparırlar.
Qərbi Afrikada yerləşir. Qərbdə Kot d”vuar, şimali-qərqdə və şimalda Burkino-Faso, şərqdə Toqo dövlətləri ilə həmsərhəddir, cənub sahilləri Qvineya körfəsinin suları ilə əhatə olunub. Ərazisi 238 min 533 kvadrat kilometrdir. İndi əhalisinin sayı 30 milyona yaxın olsa da, o illərdə, yəni 60-cı illərdə təxminən 7-8 milyon idi. Əhalisinin 70 faizdən çoxu xristiandır. Bol almazı, qızılı, dəmir filizi, neftı, qazı, meşə materialları və balığı var. İngiltərə müstəmləkəçiliyndən canını 1957-ci ildə qurtarıb. Həmin ildən müstəqil dövlət olsa da, rəsmi dövlət dili ingilis dilidir. Bura Qana Respublikasıdı. Qana respublikasında təkcə zibilxanalar yox, çox gözəl çimərlikləri olan istirahət məkanları da var. Özü də ucuz qiymətə. Ancaq mənlik deyil, Qananı buna görə uzun-uzadı təqdim eləmədim. Məsələ bundadı ki, meyiti tapılan şəxs Bakıda oxuyan qanalı tələbə Darko Corc idi...
Əcnəbi tələbələrlə iş
Xruşşov "mülayimliyi"nin başlaması ilə SSRİ-yə inkişaf etməkdə olan, eləcə də Şərqi Avropa ölkələrindən təhsil almaq üçün tələbələr gəlməyə başladı. Yeri gəlmişkən, artıq 25 ildən çox Anqola prezidenti olmuş Joze Eduardo dos Santos müəyyən mənada bakılı sayıla bilər. Anqolanın gələcək lideri Azərbaycan Neft və Kimya İnstitutunda 5 il oxumuşdu. Bütün bunlar yaxşı idi. Ancaq söhbət 60-cı illərdən, soyuq müharibənin ən qaynar vaxtlarından gedir. Bu baxımdan həmin illərdə SSRİ Dövlət Təhlükəsiliyi Komitəsinin 5-ci Baş Idarəsinin rəis müavini işləyən məşhur çekist, “Smerş”in yetirmələrindən olan ordu generalı Filipp Bobkov xatırlayır:
Bobkov:
“50-ci illərin sonu, 60-cı illərin əvvəllərində biz tamamilə yeni problemlərlə məşğul olmağa başladıq. Sovet İttifaqının ali məktəblərində, xüsusilə Bakıda dünyanın bir çox ölkələrindən gələn tələbələr oxumağa başladılar. Yadımdadır, Bakı ali məktəblərinə Qanadan, Qvineyadan çoxsaylı tələbə qrupları gəlmişdi. Sözsüz ki, Amerika kəşfiyyatı bu mühitdən istifadə etməyə çalışırdı. Hətta, elə birinci mərhələdə biz bir neçə casus kimi göndərilmiş adamları ifşa edib məktəblərdən və ölkədən uzaqlaşdırdıq. Onlar yerli şəraiti öyrənir, informasiya yığır, qısası, kəşfiyyatı maraqlandıran məlumatlar toplayırdılar. Bunlardan əlavə, onların qarşısına qarışıqlıq və xaos yaratmaq tapşırığı qoyulmuşdu. Bu isə bütün dünyada belə bir təəssürat yaratmalı idi ki, guya Sovetlər Birliyində təhsil almaq çox təhlükəlidir. Məsələ çox ciddi idi, əsasən də, dediyimiz məlum xətt üzrə Azərbaycanda daha səylə işləmək lazım idi”.
“5-ci şöbənin rəhbərliyi üçün zəruridir:
- bütün qüvvə və vasitələri respublikamıza qarşı aparılan ideoloji düşmənçilik aksiyalarının qarşısının alınmasına səfərbər etmək. Qarşı tərəfin ideoloji mərkəzlərinin öyrənilməsi və işlənilməsi məsələlərini fəallaşdırmaq;
- Bakı şəhərində təhsil alan kapitalist və inkişafda olan ölkələrdən gəlmiş ali məktəb tələbələri ilə əks-kəşfiyyat işinin səviyyəsini qaldırmaq”.
Bu fikirlər isə Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Təhlükəsizlik Komitəsinin sədri, general-mayor Heydər Əliyevin 1968-ci ildə görülmüş işlərin yekunu barədə olan məruzəsindəndir. Görürsünüz, məsələ təkcə əcnəbilərin gəlib burda təhsil alması ilə bitmir...
Azərbaycanın Ukrayna respublikasındakı səfiri, xalq yazıçısı Elmira Axundova özünün “Şəxsiyyət və Zaman” kitabında Azərbaycan Neft və Kimya İnstitunun sabiq rektoru, mərhum akademik İsmayıl İbrahimovla bağlı xatirələrini yazır. Məlum olur ki, ilk xarici tələbələr Bakıya 1963-cü ildə məhz Neft və Kimya İnstitutuna gəliblər. Söz yox ki, xarici tələbələr Bakıya oxumağa gələndə, xüsusi xidmət orqanlarının instituta marağı da kəskin dərəcədə artır. İldə hazırlıq və əsas fakültələrdə 800-ə yaxın əcnəbi tələbəyə nəzarət etmək asan məsələ deyildi. Təsəvvür edin, SSRİ-də cəmi üç hazırlıq fakültəsi olub: Patris Lumumba adına Xalqlar Dostluğu Universitetində, Kiyev Dövlət Universitetində, bir də Azərbaycan Neft və Kimya İnstitutunda. Əcnəbi cavanlar bir çox problemləri, ən müxtəlif arzu və istəkləri olan rəngarəng kontingent təşkil edirdi. Onlara daim göz qoymaq, yarana biləcək qanun pozuntularına qarşı qabaqlayıcı tədbirlər görmək lazım gəlirdi. Bu işdə isə xüsusi xidmət orqanlarının nəzarəti olmadan keçinmək mümkün deyildi.
Böyük əks-səda
Bir az əvvəlki dövrlərdə Rusiyada skinhedlərin afrikalı tələbələri qətlə yetirməsi az qala adi hala çevrilmişdi. Ancaq 1965-ci ildə Bakıda afrikalı Darko Corcun ölümü böyük qalmaqala səbəb oldu: xarici radiostansiyalar bu hadisəni ağızdolusu şərh edir, Sovetlər Birliyində qaradərililərə, hətta bütün əcnəbilərə münasibətin dözülməz olduğundan danışırdılar.
Darko Corcun qətlindən sonra Bakının ali məktəblərində təhsil alan xarici tələbələr dərslərə girməkdən boyun qaçırır, piketlər keçirib günahkarın tapılmasını və cəzalandırılmasını tələb edirdilər. Qana səfirliyinin nümayəndələri və mərhumun qohumları Bakıya gəldilər. Məsələylə əlaqədər Bakıya İttifaq prokurorluğundan SSRİ baş prokurorunun köməkçisi, baş ədliyyə müşaviri Vladimir Vodolajski təşrif buyurdu. Qısası, bu qətlin təhqiqatı Azərbaycan hüquq-mühafizə orqanları əməkdaşları üçün şərəf işi, respublikanın nüfuzu məsələsinə çevrilmişdi.
İş çekistlərin nəzarətindədir
Artıq Bakı şəhərinin prokuroru Ata Əliyevin rəhbərliyi altında istintaq qrupu yaradılmışdı. İşlərə ümumi rəhbərliyi Azərbaycan SSR Dövlət Təhlükəsizlik Komitəsinimn sədri Semyon Sviqun və onun müavini Heydər Əliyev həyata keçirirdilər. Bütün istintaq briqadası Dövlət Təhlükəsizlik Komitəsində işləyirdi.
Bu cinayət hadisəsinə xaricdən nə qədər siyasi çalar verməyə çalışılsa da, peşəkar müstəntiqlər və əməliyyatçılar işlərini səbrlə, bütün prosedur qaydalara riayət eləməklə görürdülər. Əvvəlcə Darko Corcun həyat tərzi, yaxın ətrafı öyrənilməyə başlandı. Məlum oldu ki, mərhum Corc yüngül həyat tərzinə meylli olub. İstirahət günləri tələbələrə yataqxanadan kənarda qalmağa icazə verildiyindən, Darko Corc demək olar, hər şənbə, bazar şəhərdə ayrı-ayrı ünvanlarda gecələyirmiş. Necə deyərlər, rəhmətliyin bir balaca şorgözlüyü varmış. Əməliyyatçılar onun yaxın olduğu qızlardan ifadələr alırlar. İstintaqçılarda qətlin qısqanclıq zəminində törədilməsiylə bağlı ciddi şübhələr yarandı. Mütləq yoxlanılmalıydı!
Darkonun sonuncu dəfə görüşdüyü qız - Svetlana Ovanesyan istintaq üçün əhəmiyyət kəsb eləyən ifadə verir. Məlum olur ki, qətlin baş verdiyi gün Darko Corcun yanında bir nəfər də olub. Ovanesyan onun adını xatırlamasa da, ərəb olduğunu deyir. Bu artıq ipucu idi. Mərhumun yaxın ətrafı araşdırılır və Svetlana Ovanesyanın Darko Corcun yanında gördüyü və ərəb olaraq qəbul elədiyi şəxsin kim olduğu müəyyənləşir. Bu adam Abdel Xani idi…
Şübhəli şəxs kimdir?
Kim idi Abdel Xani? Doğrudanmı qətli o törədib? Bu işdə istintaqımıza Dövlət Təhükəsizliyi Xidməti kömək elədi. Dövlət Təhlükəsizliyi Xidmətinin arxivindən bizə təqdim olunan sənədlərə diqqət edək.
Dövlət Təhlükəsizliyi Xidmətinin arxivində saxlanılan bu unikal sənəd Abdel Xaninin nəinki kim olduğunu, həm də Sovetlər Birliyinə necə gəlib çıxdığını göstərir. SSRİ Dövlət Təhlükəsizlik Komitəsi Sərhəd Qoşunlarının Naxçıvan Muxtar Respublikasında yerləşən 2062 saylı hərbi hissəsinin komandiri podpolkovnik Sobkonun təsdiq elədiyi 1 yanvar 1961-ci il tarixli sənədə nəzər salaq.
“Mən - 2062 nömrəli hərbi hissənin zabiti Karamanyants, saxlanılmış sərhəd pozucusu, 1938-ci il təvəllüdlü İraqın Kərkük şəhərində anadan olmuş, Bağdad sakini Kərküklü Əhməd Məhəmməd Ömər barəsində daxil olmuş sənədi nəzərdən keçirərək müəyyən etdim ki, o, 31 dekabr 1960-cı ildə Dövlət Təhlükəsizlik Komitəsinin Azərbaycan dairəsinə aid 2062 nömrəli hərbi hissənin Culfa zastavasının sahəsində Araz çayı üzərindəki dəmir-beton körpüdə - dövlət sərhəd xəttinin 80 metrliyində tutulmuşdur. Azərbaycan SSRİ Cinayət Prosessual Məcəlləsinin 107-ci və 100-cü maddələrini rəhbər tutaraq onun hərəkətində cinayət əlaməti olduğundan qərara aldım: Kərküklü Əhməd Məhəmməd Ömər barəsində cinayət işi qaldırılsın”.
Bundan sonra cinayət işi 1961-ci il yanvar ayının 5-də Azərbaycan SSRİ Nazirlər Soveti yanında Dövlət Təhlükəsizlik Komitəsi İstintaq şöbəsinin müstəntiqi leytenant Əkrəm Səlimzadəyə tapşırılır. Əkrəm Səlimzadə elə ilk sorğu-sualda Kərküklünün dəqiq adını, soyadını öyrənir. Məlum olur ki, Kərküklünün əsl adı, soyadı Abdel Xani Əhməd Məhəmməddir. İstintaqımız çox maraqlı və ziddiyyətli məqama gəldi. Diqqətiniz bizdə olsun! Gələn yazıda Darko Corcu əslində kimin və nəyə görə öldürdüyünü biləcəyik! Axı, istintaq davam edir!
I yazının sonu
Yazı İTV-də yayımlanan “istintaq davam edir” layihəsinin materialları əsasında hazırlanıb.
Filmə bu linkdən baxa bilərsiniz: https://www.youtube.com/watch?v=KCK3C7yzy_k