"İrandan ancaq xəyanət görmüşük" - Deputatlar sərt danışdı
Azərbaycan xalqı İranın bu mövqeyindən hiddətlənib.
Demedia.az xəbər verir ki, bunu Milli Məclisin plenar iclasında deputat Bəxtiyar Əliyev deyib.
O qeyd edib ki, İran özünün ifşa olunduğunu görərək Azərbaycan səfirliyinə qarşı olan terrorda təqsirli bilinən şəxsi ruhi xəstə kimi qələmə verir:
“Eyni zamanda Azərbaycan parlamentinin deputatı Fazil Mustafaya qarşı olan terrorun da izləri İrana gedib çıxır”.
Deputat Azər Badamov isə deyib ki, İran parlamenti özünün sivil dünya dəyərlərindən uzaq olduğunu göstərir:
"İran deputatları erməni canilərlə qucaqlaşıb öpüşməkdən ar etsinlər. Onların Azərbaycana qarşı riyakarlığı ortadadır. Bu ölkənin Azərbaycanın daxili işlərinə qarışmaq ixtiyarı yoxdur”.
Deputat Nizami Cəfərov isə bu fikirləri səsləndirib:
"İran İsraillə bağlı Azərbaycanın siyasətinə qarışa bilməz. Azərbaycan müstəqil dövlətdir: Biz İsraildən ancaq dostluq, dəstək, İrandan isə ancaq xəyanət görmüşük”.