Notariuslara daha bir hüquq verilir



 17:00 07.04.2023     347

Notariuslara daha bir hüquq verilir.

Publika.az xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Layihəyə əsasən, notariuslar artıq kommersiya hüquqi şəxsinin dövlət qeydiyyatı haqqında şəhadətnaməsini və nizamnaməsini elektron informasiya sistemləri vasitəsilə elektron sorğu əsasında əldə edə biləcək.

Qüvvədə olan qanuna görə notariuslar yalnız kommersiya hüquqi şəxslərin təsisçiləri (iştirakçıları) və onların nizamnamə kapitalındakı payları barədə məlumatlar sorğu əsasında əldə edə bilir.

Müzakirələrdən sonra qanun layihəsi səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.

***

Azərbaycanda notariuslar xarici rəsmi sənədləri şəhadətnamə (apostil) verildikdə leqallaşdırmadan qəbul edə biləcək.

Bbununla bağlı “Notariat haqqında” qanuna dəyişiklik edilir.

Dəyişikliklə müvafiq qanun layihəsinə əsasən, notariuslar “Xarici rəsmi sənədlərin leqallaşdırılması tələbini ləğv edən Konvensiya” ilə müəyyən edilmiş hallarda xarici rəsmi sənədə kağız və yaxud elektron formada həmin Konvensiya ilə nəzərdə tutulan şəhadətnamə verildikdə leqallaşdırmadan qəbul edə biləcəklər. Bu zaman elektron formada verilmiş şəhadətnamə bu qanunun 27-ci maddəsində nəzərdə tutulmuş notariat hərəkətlərinin aparılması qaydaları haqqında təlimata uyğun olaraq yoxlanıldıqdan sonra qəbul ediləcək.

Digər bir dəyişikliklə isə notariuslar tərcüməçinin gücləndirilmiş elektron imza ilə təsdiq etdiyi tərcüməni özləri də təsdiq edə biləcək. Layihəyə əsasən, bu halda, notarius tərcümənin mətninə görə məsuliyyət daşımayacaq.

Dəyişiklik layihəsi Milli Məclisin bu gün keçirilən iclasında müzakirələrdən sonra səsverməyə çıxarılaraq I oxunuşda qəbul edilib.