Füzulidə kəndlər salınmağa başladı
2026-cı ilə qədər Füzuli şəhərinə təxminən 8 min, ümumilikdə Füzuli rayonuna 22 minə yaxın keçmiş məcburi köçkünün köçürülməsi nəzərdə tutulur. Mənzil İnşaatı Dövlət Agentliyi Füzuli şəhərində ilk yaşayış məhəlləsinin inşasını da davam etdirir. 846 mənzildən ibarət olan ilk yaşayış məhəlləsinə ümumilikdə 3000 min nəfər keçmiş məcburi köçkünün köçürülməsi nəzərdə tutulur. Bu ilin sonuna qədər Füzulidə 3 kəndin bərpasına başlanılacaq.
EL.TV televiziyasının verdiyi xəbərə görə, həmin kəndlər də “ağıllı kənd” konsepsiyası əsasında qurulacaq. Digər kəndlərin bərpasına isə növbəti illərdə start veriləcək. 2023-cü ildə Füzuli rayonunda daha 7 kəndin-Qarğabazar, Cuvarlı, Qoçəhmədli, Qarakollu, Qaraxanbəyli, Horadiz və Mirzəcamallı kəndlərinin layihələndirilməsi nəzərdə tutulur. Məşğulluğun və sosial xidmətlərin təmini üçün Füzuli şəhərində 9 ümumi və orta təhsil müəssisəsi, 13 məktəbəqədər təhsil müəssisəsi, peşə təhsili müəssisəsi, internat tipli musiqi məktəbi, xəstəxana, idman və sağlamlıq mərkəzi, mədəniyyət mərkəzi, inzibati mərkəz, idman kompleksinin inşası, Qələbə və Memorial park, 6 məhəllə parkı və şəhər meydanının, ərazisi 150 hektardan çox olan ekoparkın salınması planlaşdırılıb. İşğaldan azad edilmiş ərazilərin Ümumi Planına uyğun olaraq işlənilən Füzuli şəhərinin Baş planı 2040-cı ilə qədərki inkişaf dövrünü əhatə edəcək. Şəhərdə müxtəlif nəqliyyat növləri arasında rahat əlaqələndirmə imkanlarının təmin edilməsi, şəhərdaxili ərazilərdə fərdi avtonəqliyyat vasitələrindən istifadənin azaldılması, mühərriksiz nəqliyyat vasitələrindən istifadə, müxtəlif sosial-iqtisadi qruplar üçün uyğun mənzil imkanları, velosiped və piyada yollarının qurulması, təbiət əraziləri ilə vəhdətdə inkişaf edən şəhər strukturunun formalaşdırılması, kommunal xidmətlər də daxil olmaqla yüksək keyfiyyətli xidmət obyektlərinin yaradılması hədəflənib. Baş planda Füzuli şəhərinin inzibati ərazisinin 1943 hektara, əhalisinin 50000 nəfərə çatacağı nəzərdə tutulur.
Ayşən
demedia.az