Ermənilər əsiri necə terrorçu etdilər? – DTX-nın materialları əsasında – I hissə



 16:13 13.04.2023     253

İlham TUMAS

Ədliyyə Nazirliyinin nəzdində Qapalı cəzaçəkmə mərkəzi olan Qobustan həbsxanasında 1997-ci ildən ömürlük cəza çəkən bir nəfər var. Bu adamın əli günahsız, mülki Azərbaycan vətəndaşlarının qanına batıb. Ancaq həm də özü qurbandı. İstintaqımız 1994-cü ilin iyul ayının 3-də Bakı metrosunda baş vermis terror aktının iziylə davam edir!

Partlayış...

1994-cü il iyul ayının 3-də saat 08:25-də Bakı metrosunun “28 may” stansiyasından “Gənclik” stansiyaları arasında tuneldə 27 nömrəli marşrutla hərəkət eləyən elektrik qatarının 2-ci vaqonunda partlayış baş verdi. Partlayış 5 vaqonu əhatə eləmişdi. 7 nəfər hadisə yerində həlak olmuş, 42 nəfər müxtəlif dərəcəli bədən xəsarəti almışdı. Həlak olanlar arasında qadınlı-kişili müxtəlif millətlərin nümayəndələri vardı. Sonradan daha 6 nəfər xəstəxanada dünyasını dəyişir. Hadisə yerinin ilkin müayinəsi zamanı müəyyən edilir ki, partlayışdan dərhal sonra vaqon yanmağa başlayıb. Bu və digər səbəblərdən hadisənin texniki nasazlıqla bağlılığı araşdırılır. Yoxlamalarla məlum olur ki, nə vaqonda, nə də relslərdə hər hansı problem olmayıb. Qatarda baş verən partlayış 2-ci vaqona qoyulmuş xüsusi partlayıcı qurğu vasitəsilə həyata keçirilib. Ekspertlər, kriminalistilər və Elmi Araşdırma İnstitunun verdiyi rəydən məlum olur ki, qatar 2 kiloqram 700 qram trotillə rus dilində “MUV – 4” adlanan modelli mərmili modernləşdirilmiş sadə partlayıcı qurğu vasitəsilə partladılıb. Belə qurğular elektrik, mexaniki detanator, yaxud saat mexanizmi ilə işə salına bilir. Bu terrorda partlayıcı saat mexanizmi ilə salınmışdı. Elə həmin gün partlayış faktı üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci və 94.4-cü bəndi ilə cinayət işi başlanır. 69435 saylı cinayət işinin istintaqı Azərbaycan Respublikası Prokurorluğu xüsusilə təhlükəli cinayətlərin istintaqı şöbəsinin böyük müstəntiqi, ədliyyə müşaviri Həsənov Namiq Məhəmməd oğluna tapşırılır.

 

Həsənov Namiq Məhəmməd oğlu

1959-cu ildə Qazaxda anadan olub. 1981-ci il Tomsk Dövlət Universitetinin hüquq fakültəsini bitirdikdən sonra Buryatiya Muxtar Respublikası prokurorluğuna təyinat alıb, burada baş müstəntiq, istintaq idarəsinin prokuroru vəzifəsində çalışıb. Daha sonra Qaraçay-Çərkəz Muxtar Vilayətinin prokurorluğuna təyinat alıb.

Namiq Həsənov 1991-ci ildə Azərbaycana qayıdaraq Baş Prokurorluq yanında xüsüsilə mühüm işlər üzrə müstəntiq, baş müstəntiq, istintaq idarəsinin rəis müavini vəzifələrində çalışıb.

İstintaq başlandı

Beləliklə, Respublika Baş prokurorunun qərarı ilə istintaq-əməliyyat qrupu yaradılır. Qrupa Daxili İşlər, Milli Təhlükəsizlik Nazirliyinin, Prezident Yanında Xüsusi İdarənin təcrübəli prokurorları müstəntiqləri, kriminalistləri cəlb olunur. İstintaq qrupunun üzvləri gecə-gündüz bilmədən ağır işə başlayırlar.

İyulun 3-də Respublika Prezidenti Heydər Əliyev hadisə yerinə və  5 saylı klinik xəstəxanasına gedib oradakı yaralılara baş çəkir. Daha sonra Dövlət Televiziyasında çıxış edən Prezident haqlı olaraq bu hadisəni yalnız ayrı-ayrı fərdlərə deyil, bütöv Azərbaycan xalqına qarşı törədilmiş terror aktı kimi xarakterizə edir və icraçıların mütləq tapılacağını bildirir.

Elə həmin gün Respublika Prezidenti hadisəni yerində araşdırmaq, həmçinin baş vermiş partlayışın nəticələrini aradan qaldırmaq üçün Dövlət Komissyasının yaradılması haqda 172 saylı fərman imzalayır. Fərmanla komissiya üzvləri qarşısında hadisənin araşdırılması, həlak olanların ailələrinə və zərərçəkənlərə yardım edilməsinin zəruriliyi ilə yanaşı, metropolitendə sərnişinlərin təhlükəsizliyinin təmin edilməsi, nəqliyyatın bütün sahələrində yaranmış ciddi nöqsanların aradan qaldırılması, həmçinin respublikanın sərhədlərində, nəzarət-keçid məntəqələrində xidmət rejiminin daha da gücləndirilməsi üçün 10 gün ərzində təkliflərin hazırlanıb təqdim edilməsi tapşırığı qoyulur.

Yenə Zori Balayan

Hadisədən on bir gün sonra, iyul ayının 14-də Azərbaycan Respublikası Prezidenti yanında Xüsusi İdarənin rəisi Şəmsi Rəhimov İstintaq əməliyyat qrupunun rəhbəri Namiq Həsənova məlumat məktubu göndərir. Məktubdan oxuyuruq: “Xüsusi İdarəyə daxil olan məlumata görə, Zori Balayan mart ayında baş vermiş hadisədən sonra bildirmişdir ki, yaxın gələcəkdə Ermənistan Azərbaycanla müharibədə tam qələbəyə nail olacaqdır. Zori Balayan həmin vaxtlar Bakı metrosunda baş vermiş partlayışa işarə verərək qeyd edib ki, belə aksiyalar ermənilərin Azərbaycan  xalqına qarşı qisasıdır və yaxın zamanlarda Bakıda əhali nəinki ictimai nəqliyyatdan, hətta şəxsi minik avtomobilindən də istifadə edə bilməyəcək. Belə partlayışlar və  dırnaqarası “təsadüfi” yanğınlar azərbaycanlılar arasında vahiməyə və kütləvi psixoza səbəb olacaqdır”.

Digər məktub isə nəinki istintaq üçün, elə qarşıdakı aylar üçün də çox mühüm əhəmiyyət kəsb edir. Belə ki, Şəmsi Rəhimovun imzası ilə İstintaq-əməliyyat qrupunun rəhbərinə göndərilən növbəti məktub əsl xəbərdarlıqdır: “Xüsusi İdarənin aldığı məlumata görə, yaxın günlərdə Bakıya Moskva və Sankt-Peterburqda fəaliyyət göstərən erməni təşkilatları ilə sıx əlaqədə olan terrorçu dəstə göndərilib. Bu dəstənin gəlməsində əsas məqsəd respublika hökuməti üzvlərinin bəzilərini fiziki yolla aradan götürməkdir. Konkret kim haqqında söhbət getdiyi hələlik məlum deyil. Dəstə 15 nəfərdən ibarətdir. Dəstəyə milliyyətcə inquş Nalqiyev Abukar Axmedoviç rəhbərlik edir ki, təxəllüsü “Mustafa”dır”.

Taleyin işi deməyə dilim gəlmir. Çünki bu, Böyük Vətən Müharibəsi iştirakçısı, peşəkar kəşfyyatçı Şəmsi Rəhimovun verdiyi məlumat idi: Bu dəstənin gəlməsində əsas məqsəd respublika hökuməti üzvlərinin bəzilərini fiziki yolla aradan götürməkdir”. Məlumatın alınmasından və məktubun göndərilməsindən 3 ay keçməmiş Azərbaycanın iki görkəmli dövlət xadimi - Azərbaycan Prezidenti Yanında Xüsusi İdarənin rəisi polkovnik Şəmsi Rəhimov və Ali Sovetin sədr müavini Afiyəddin Cəlilov qətlə yetirlirlər.

Şahidlər danışır

Partlayışda xəsarət alanlar, deməli şahidlər əsasən burda - 5 nömrəli xəstəxanada yerləşdirilimişdi. Şahidlərin dindirilməsi bir necə gün davam edir. Müstəntiq Namiq Həsənov partlayış nəticəsində ağır bədən xəsarəti almış Hüseyn Həsənovdan işin gedişatına təsir göstərən mühüm ifadə alır. Yaralı Həsənov şübhəli şəxsi təsvir edir. “Hündür, təxminən 25-26 yaşda, şabalıdı saçlı, əyinində tünd boz rəngli kostyum, parıltılı köynək, ayağında qara ayaqqabı”.

Qalareyadakı fotorobota diqqətlə baxın. Hadisədən vur-tut bir gün sonra şahid ifadələri əsasında rəssam tərəfindən tərtib olunub. Fotorobot nüsxələnərək təcili olaraq həm respublika daxilində yayılır, həm də Rusiya Federasiyasının müvafiq qurumlarına göndərilir. Müstəntiqin vəzifəsi yalnız faktlarla, şahidlərlə işləmək deyil. İstintaqın qaydası var: bütün şübhəlilər yoxlanılmalı, fərziyyələr qurulmalı, bu fərziyyələr dəqiqliklə saf-çürük edilməlidir. İstintaq qrupu da bu qızıl qaydaya əməl edir. İstintaq qrupu bu fərziyyələrdən birinin üstündə xüsusilə dayanır.

Xatırladaq ki, 1994-cü ilin mayında Azərbaycanla Ermənistan arasında döyüş əməliyyatlarının dayandırılması barədə Bişkekdə atəşkəs sənədi imzalanmışdı. Buna qədər 1994-cü ilin yanvarında başa çatan Horadiz əməliyyatından təxminən altı ay keçmişdi. Azərbaycan ordusu bu əməliyyat nəticəsində Horadiz qəsəbəsini, Füzuli rayonunun 22, Cəbrayılın bir kəndi işğaldan azad etmişdi. Təbii ki, bu döyüşlərdə itkilərimiz, həmçinin Azərbaycan ordusu tərəfindən əsir düşənlər də olmuşdu. Namiq Həsənovun daha çox üzərində dayandığı fərziyyə belə idi: terror aktını sonuncu döyüşlərdə hansısa səbəbdən ermənilərə əsir düşmüş, sonradan xüsusi xidmət orqanı tərəfindən əməkdaşlığa cəlb olunan sabiq hərbi qulluqçulardan kimsə törədə bilər. Milli Təhlükəsizlik Nazirliyi əsirlikdən qayıtmış və itkin düşənlərin siyahısını istintaqa təqdim edir. İtkin düşənlərin fotoları çıxarılır. Fərziyyənin yoxlanılması üçün erməni əsirliyindən qayıtmış onlarla insanın ifadəsi alınır, itkin düşənlərin fotoları onlara göstərilir.

İpucu var

Şuşada, Xankəndində əsirlikdə olmuş Famil Əliyev istintaqa çox vacib informasiya verir. Əliyev deyir ki, əslində siyahıda itkin düşmüş kimi qeyd olunan Aslanov Azər Salman oğlu itkin düşməyib.

Əməliyyat yolu ilə müəyyənləşir ki, Azər Aslanov Rusiya Federasiyası ərazisində, daha dəqiqi, ailəsi ilə birlikdə Dağıstanda yaşayır. Bütün xırda detallar yoxlanılır. 1994-cü ilin yanvar ayından başlayaraq Azərbaycanın şimal qapısından Dağıstana keçmiş sürücülərin kimliyinə, marşrutlara, avtobusların nömrələrinə qədər. Milli Təhlükəsizlik Nazirliyi tərəfindən Azər Aslanovla bağlı Rusiyanın Federal Təhlükəsizlik Xidmətinə tələbnamə göndərilir. Bundan əlavə istintaq-əməliyyat qrupunun rəhbəri Namiq Həsənovun imzası ilə partlayış faktı ilə əlaqədar Rusiyanın Federal Təhlükəsizlik Xidmətinə Mahaçqala şəhərində yaşayan Azər Aslanovun üstündə axtarış aparılması ilə bağlı müraciət olunur. Müraciət əsasında axtarış aparılır və Azər Aslanovun “Dağneft” Səhmdar Cəmiyyətində Təhlükəsizlik İdarəsinin rəisi vəzifəsində çalışmasını təsdiq edən vəsiqəsi, silah gəzdirməsinə dair icazə sənədi və digər əşyalar haqda Azərbaycan tərəfinə məlumat verilir. Bu yerdə xüsusi bir arayış verməyə borcluyam. Cinayət işinin materiallarından da məlum olur ki, Azər Aslanov barəsində Azərbaycan tərəfindən Rusiya Federasiyasının müvafiq qurumlarına göndərilmiş tələbnaməyə, həm  Rusiyanın xüsusi xidmət, həm Daxili  İşlər Nazirliyi, həm də sərhəd və gömrük orqanları tərəfindən çox diqqətlə yanaşılır və bütün sorğular dəqiqliklə, detallarına qədər cavablandırılır. Azərbaycan Milli Təhlükəsizlik Nazirliyi Azər Aslanovun Bakı şəhərindəki ata və Xaçmazın Dağıstanla sərhəd Xanoba kəndində yaşayan Qazıbəyov soyadlı qaynının evində də axtarış aparır.

Ata evində istintaq üçün mühüm əhəmiyyət kəsb eləyən sənədlər aşkar edilir ki, bunların arasında Qırmızı Xaç Cəmiyyətinin məktub blankında erməni əsirliyində olarkən Azərin ailəsinə göndərdiyi 3 iyun 1994-cü il tarixli məktub da vardı. Azər bu məktubda yaralanmadığını, vəziyyətinin yaxşı olduğunu, ermənilərin onunla çox yaxşı rəftar etdiklərini yazır.  

I hissənin sonu

Filmə bu linkdən baxa bilərsniz: 

https://www.youtube.com/watch?v=Pp6TxDAtKQI

1

1

1

1

1