İşğal illərinin vurduğu yaralar – görüləsi işlər çoxdur
Ermənistan 30 il işğal altında saxladığı ərazilərimizdə ekologiyamıza elə bir zərbə vurub ki, onun bərpası üçün illər lazım gələcək. Yeraltı, yerüstü sərvətlərimizi talayan işğalçı ölkə flora və faunamızı tamamilə yox çıxarıb.
El.TV-nin verdiyi məlumata görə, ərazilərimiz işğaldan azad olunduqdan sonra təbiətimizin də bərpası ilə çevik addımların atılmasına başlanıldı. Azad olunan ərazilərdə biomüxtəlifliyin qorunması və bərpası məsələsi də bu gün qarşıda duran ən vacib işlərdən biridir. Bu istiqamətdə də mühüm addımlar atılır. Su hövzələrinə balıqlar, quruya isə müxtəlif canlılar buraxılmaqla biomüxtəlifliyin bərpası reallaşdırılır. Növbəti belə bir addım Ağdamda gerçəkləşdirilib.
Azad olunan digər ərazilərimizdə də fauna və floranın monitorinqi prosesi davam etdirilir. İşğaldan azad edilənən ərazilərimizdə ermənilərin illərdir məhv etdiyi təbiətimizin bərpası prosesi yenidənqurma işləri ilə paralel aparılır. Ağdamdakı Xaçınçay su anbarına 40 min balıq körpəsinin buraxılması da canlı aləmin bərpası istiqamətində atılan addımların davamıdır.
Xaçınçay su hövzəsinə balıq körpələrinin buraxılması artıq ikinci dəfədir həyata keçirilir. Artıq Xaçınçayın sularında "Çəkikimilər", "Enli alın" və "Ağamur" balıq növləri üzür. Bu canlıların 22 minə qədəri "Çəkikimilər" növünə aiddir. Könüllülər də prosesdə fəal iştirak edirlər. Ötən il də bura 2 yüz minə yaxın balıq körpəsi buraxılıb. Bu iş işğaldan azad olunan digər ərazilərimizdə də davam etdirilir. Azad olunan ərazilərimizdəki qoruqların da bərpası məsələsi indi diqqət mərkəzindədir. Həmin qoruqların flora və faunasının zənginləşdirilməsi istiqamətində addımlar atılacaq. Azad edilən ərazilərin ekoloji mühitinin yaxşılaşdırılması, təbiətinin bərpası ilə bağlı yaxın aylarda da davamlı addımların atılacağı bildirilir.
Ayşən
demedi.az