SSRİ dövründə Naxçıvanın 657 kv. km ərazisi qanunsuz olaraq Ermənistana verilib - ARAŞDIRMA



 15:42 19.04.2023     354

Azərbaycanın Naxçıvan Muxtar Respublikasının 657 kvadrat kilometr ərazisi SSRİ dövründə qanunsuz olaraq Ermənistana verilib.

Bu, Naxçıvan Televiziyasının 1921-ci ildə imzalanan Qars müqaviləsinin şərtlərinin və beynəlxalq konvensiyaların tələblərinin kobud şəkildə pozulması barədə apardığı araşdırma zamanı məlum olub.

Qeyd olunub ki, Naxçıvanın muxtariyyət statusuna təminat verən Qars müqaviləsi çox mühüm hüquqi, siyasi və beynəlxalq sənəd olmaqla yanaşı, muxtar respublikanın ərazi mənsubiyyəti, sərhədlərinin təsbiti və qorunmasına təminat verir. Lakin Qars müqaviləsinə zidd olaraq Naxçıvan Muxtar Respublikasının ərazisinə qəsdlər olunub, bu müqavilə ilə təsbit edilmiş ərazinin təqribən, 15 faizi XX əsrin müxtəlif illərində Ermənistan tərəfindən qanunsuz olaraq zəbt edilib.

Belə ki, Zaqafqaziya Mərkəzi İcraiyyə Komitəsinin qərarları ilə 1929-1931-ci illərdə Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının ərazisinin bir qismi, daha dəqiq desək, 657 kvadrat kilometr ərazi qanunsuz olaraq Ermənistana verilib.

Araşdırma zamanı məlum olub ki, 1929-cu ildə Şərur qəzasının Qurdqulaq, Xaçik, Horadiz, Şahbuz nahiyəsinin Ağbinə, Ağxəç, Almalı, Dağ Almalı, İtqıran, Sultanbəy kəndləri, Ordubad qəzasının Qarsevən sovetliyinə daxil olan Mehri, Buğakər yaşayış məntəqələri, Kilit kəndinin bir hissəsi Ermənistana verilib. 1930-cu ildə Naxçıvana məxsus daha 3 kənd Ermənistana birləşdirilib. Lehvaz, Astazur və Aldərə kəndləri yenə də beynəlxalq zəmanət verilmiş muxtar respublika ərazilərindən ayrılaraq Ermənistana verilib. Təsadüfi deyildir ki, Ermənistana verilmiş Sultanbəy kəndinə 1935-ci ildə Bartsiruni, Qurdqulaq kəndinə 1946-cı ildə Bo­loraberd, Horadiz kəndinə 1968-ci ildə Oradis, İtqıran kəndinə 1991-ci ildə Nor Aznaberd kimi qondarma adlar qoymaqla Azərbaycan toponimləri saxtalaşdırılıb.

AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev bildirib ki, 1929-cu il qərarı Qars müqaviləsinin kobud şəkildə pozulması idi: “Çünki bu qərarla bəhs edilən ərazilərin Ermənistana verilməsindən nə Azərbaycanın, nə də Türkiyənin xəbəri vardı. Türkiyə bu qərara etiraz notası ilə cavab verdi. Bildirildi ki, Qars müqaviləsi Türkiyə ilə bağlandığına görə onun müddəaları yerinə yetirilməlidir. Sonrakı mərhələlərdə də Naxçıvanın 6 min kvadratkilometrdən çox ərazisi 5,5 min kvadratkilometrədək endirildi”.

Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev isə deyib ki, Ermənistan sonradan Qars müqaviləsinin maddələri ilə razılaşmayıb: “Baxmayaraq ki, bütün bunları öz qanunvericilik məclislərində təsdiq etmişdilər. Ermənilər Naxçıvana olan ərazi iddialarını yenidən gündəmə gətirdilər. Həmin dövrdə sovet rəhbərliyinin dəstəyini alaraq Qars müqaviləsinin ləğvi, yaxud sərhədlərin dəyişdirilməsi ilə bağlı çıxış ediblər. Təəssüf ki, bu iddiaların bir qismi həyata keçirildi və 1929-cu ildə Naxçıvanın 12 kəndi ermənilər tərəfindən işğal olundu”.

Sonrakı illərdə Sədərək rayonunun Kərki kəndi də daxil olmaqla bir sıra ərazilər Ermənistan tərəfindən işğal olunub, Qərbi Azərbaycanda yaşayan soydaşlarımızın bir qismi deportasiya olunaraq Naxçıvana köçməyə məcbur edilib.

Tarix elmləri doktoru Emin Şıxəliyev qeyd edib ki, həm Moskva, həm də Qars müqaviləsində ərazisi təsbit olunmuş bir yerin sonradan ermənilərə peşkəş verilməsi qanun pozuntusudur: “Ona görə də Azərbaycan bu gün haqlı olaraq delimitasiya və demarkasiya məsələlərində itirilmiş torpaqlarını gündəmə gətirir”.

Beləliklə, tarixi sənəd və faktlar təkzibolunmaz şəkildə təsdiq edir ki, sovet hakimiyyəti illərində Naxçıvanın 12 kəndi Ermənistana verilib, bu kəndlərdən yerli azərbaycanlı əhali çıxarılıb, yer adları dəyişdirilib.//Report.az