İki ay ərzində Şirvanda 73 nəfər saxlanıldı



 18:11 03.05.2023     245

Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən bu ilin mart-aprel ayları ərzində şəhər ərazisində keçirilən əməliyyatlar zamanı narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan, dələduzluq, oğurluq, qanunsuz olaraq silah saxlama və xuliqanlıq cinayətləri edən ümumilikdə 73 nəfər saxlanılıb.

Bu barədə Demedia.az-a DİN-dən bildirilib.

Qeyd edilib ki, həmin şəxslərdən 60-ı narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınması istiqamətində polisin keçirdiyi əməliyyatlar nəticəsində tutulub. Onlardan 22-i barəsində məhkəmə tərəfindən həbs, 38-i haqqında isə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib. Qanunsuz dövriyyədən külli miqdarda heroin, marixuana, metamfetamin, narkotik tərkibli həblər, həmçinin aqrotexniki qaydada qulluq edilərək yetişdirilən çətənə bitkiləri çıxarılıb.

Qeyd edilən dövr ərzində Şəhər Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyatlar zamanı vətəndaşların etibarından sui-istifadə edərək onlara qarşı dələduzluq edən 3 nəfər saxlanılaraq istintaqa təhvil verilib. Bundan əlavə, şəhər ərazisində yerləşən evlərdən, mağazalardan və avtomobillərdən oğurluqlar edən 3, qanunsuz olaraq odlu silah saxlayan və xuliqanlıq hərəkətləri edən 2 nəfər şəxs də saxlanılaraq məsuliyyətə cəlb olunub.

Aşkar edilən faktlarla bağlı Şirvan Şəhər Polis Şöbəsinin İstintaq Bölməsində araşdırmalar davam etdirilir.