Yağış suyu niyə təsərrüfatlara ziyan vurdu?
Xəbər verildiyi kimi, bir neçə gün əvvəl Tərtərə düşən bol yağıntı rayonun Dəmirçilər və Ağkənd kəndlərinə sel gətirdi.
Demedia.az EL TV-yə istinadən xəbər verir ki, kəndə selin gəlməsinin əsas səbəbi həmin yaşayış məntəqələrinin ətrafından keçən arxın içərisinin vaxtında təmizlənməməsidir.
Tez-tez düşən yağıntı səbəbiblə arxa gələn sel suyu orada lil qatının yaranmasına səbəb olur. Növbəti dəfə sel suyu gəldikdə isə həmin lil qatı suyun hərəkətinə mane olur. Nəticədə, arx daşaraq ətrafı su basır. Elə bu dəfə də kənd sakinləri məhz həmin səbəbdən selin hədəfinə çevrildi. Tərtərin Dəmirçilər və Ağkənd kəndlərinə yağan güclü yağışın fəsadlarının aradan qaldırılması məqsədilə gecə saatlarından başlayaraq tədbirlərin görülməsinə başlanılıb. Evlərin zirzəmilərinə və həyətyanı sahələrinə dolan sel suları nasoslar vasitəsilə çəkilib. Yollar və həyətyanı sahələrdən isə lil qatı təmizlənir. Suötürücü arxlar işlənərək genişləndirilir. Yağışların nə zaman dayanacağı bilinmir. Təbiət əgər yağıntıya fasilə verməzsə, belə çıxır ki, bu kəndlərin sakinləri yenə eyni aqibətlə üzləşməli olacaqlar.