Bərdədə şəhidimizin əziz xatirəsi anıldı



 19:42 03.05.2023     372

44 günlük Vətən müharibəsinin odundan-alovundan alnı açıq, üzü ağ və sağ-salamat çıxdı. Müharibədə yaralansa da döyüş yolunu davam etdirərək düşmənə qarşı var gücü ilə mübarizə apardı. Amma, ötən il sentyabrın 12-dən 13-nə keçən gecə Ermənistan silahlı qüvvələrinin Azərbaycan ilə dövlət sərhədi boyunca genişmiqyaslı hərbi təxribat törətməsi nəticəsində şəhadətə yüksəldi.

Demedia.az EL TV-yə istinadən xəbər verir ki, söhbət, şəhid Namiq Ağamməd oğlu Məmmədovdan gedir.

Onun keçdiyi döyüş yolu gənc nəsil üçün əsl nümunədir. Bərdədə şəhidimizin doğum günü qeyd edilib. Namiq Ağamməd oğlu Məmmədli 1996-cı ildə Bərdə rayonunun Təhlə kəndində anadan olub. Ailənin kiçik oğlu olan Namiq pedaqoji universiteti bitirsə də, hərbçi olmaq istəyi onu ordu sıralarına aparır. Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrinin sıralarında xidmətə başlayan Namiq 44 günlük vətən müharibəsində iştirak edir. Namiq Məmmədli Vətən müharibəsi zamanı ona zəng edən yaxınlarını və ailə üzvlərinə tezliklə qələbə çalınacağımızı və düşmənləri məhv edərək evə dönəcəyimizi deyir. Döyüşlərin birində yaralanan Namiq onun yanına gələn yaxınlarına daha irəli getməyəcəyini desə də bir neçə saatdan sonra sorağı Şuşadan gəlir. Yaralansa da Şuşa istiqamətində gedən döyüşlərə qatılır. Namiq Məmmədli 44 günlük müharibədə göstərdiyi şücaətə görə, "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medalı, "Cəbrayıl, Füzuli, Şuşa, Xocavənd və Kəlbəcərin azad olunmasına görə" medalları ilə təltif edilir. 44 günlük Vətən müharibəsinin od-alovundan sağ-salamat çıxan Namiqin taleyinə səndemə Kəlbəcərdə şəhid olmaq yazılıbmış. Qəhrəmanımız 2022-ci il sentyabrın 12-dən 13-nə keçən gecə Ermənistan Silahlı Qüvvələrinin Kəlbəcər rayonu istiqamətində Azərbaycan Ordusuna qarşı törətdiyi təxribatın qarşısını alarkən şəhadətə yüksəlir. Namiq şəhadətindən sonra 3-cü dərəcəli "Rəşadət" ordeni və "Vətən uğrurunda" medalı ilə təltif edilib.