Qarabağda möhtəşəm idman tədbiri keçirilir
Suqovuşan 3-cü dəfədir möhtəşəm idman tədbirinə ev sahibliyi edir.
Demədia.az EL TV-yə istinadən xəbər verir ki, Qarabağda “Prezident Kuboku-2023” beynəlxalq reqatası başlayıb. Beynəlxalq idman tədbirində yerli və xarici idmançılar mübarizə aparırlar. “Prezident Kuboku” reqatası bu il ilk dəfə olaraq Avropa Kanoe Assosiasiyasının təqvim planına da daxil edilib. Gənclər və İdman Nazirliyi, Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının birgə təşkilatçılığı Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr edilən “Prezident Kuboku-2023” beynəlxalq reqatası tarixi torpağımız Qarabağın ən gözəl yerlərindən olan Suqovuşanda start götürdü. Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə inşa edilən Suqovuşan su anbarında yarışların açılış mərasimi, həmçinin kayak və kanoe üzrə 200, 500 metr məsafəyə yürüşlər təşkil olundu.
Tunirdə 20-dək ölkədən olan 100-dən çox yerli və xarici avarçəkən iştirak edir. Reqatanı izləmək üçün müxtəlif xarici dövlətlərin avarçəkmə federasiyalarının, həmçinin beynəlxalq federasiyaların rəhbər şəxsləri ölkəmizə gəlib. Yarışın ilk günündə qüvvələrini sınayan idmançılar da sevincli görünürdü. Yarışların növbəti iki günü, 5-6 may tarixlərində Mingəçevir “Kür” Olimpiya Tədris-İdman mərkəzində davam edəcək. Reqatanın bağlanış mərasimi mayın 7-si paytaxt Bakıda keçiriləcək. Bakı Bulvarında, Su İdman Sarayının yaxınlığında, dəniz kənarında keçiriləcək mükafatlandırma mərasimi ilə yanaşı, paytaxt sakinlərini möhtəşəm şou proqram gözləyir.