3 kəndin yolsuz qalan sakinləri...
“Yol mədəniyyətdir” deyiblər. Bəzən yollarla hərəkət etdikdə bu mədəniyyətin nə əsərinə rast gəlirsən, nə əlamətinə. Elə Zərdabın 3 kəndinin sakinlərinin də bax bu baxımdan bəxti gətirməyib.
Demedia.az EL TV-yə istinadən xəbər verir ki, qonşu kəndlərin yaxşı yolu olsa da 3 kəndin sakinləri yolsuzluqdan əziyyət çəkirlər.
Sürücülərin avtomobillərinin ehtiyat hissələri sıradan çıxır, sakinlər isə düz yolla gedib-gələ bilmirlər. Zərdabın 3 kəndinin 5 minə yaxın əhalisi eyni dərdlə üzə-üzədir. Bu kəndlərə getmək üçün yol yoxdur. “Yollarımızın əlverişsiz olması bizləri rayondan uzaq salır” deyən kənd sakinləri 13,5 kilometr uzunluğu olan yolla hərəkət etməkdə çətinlik çəkirlər. Burunlu, Məlikli və Qoruqbağı kəndlərinin sakinlərinin aidiyyatı üzrə etdikləri müraciətlər də buvaxta qədər cavabsız qalır. Sakinlər zaman-zaman öz vəsaitləri hesabına yollara çınqıl, daş tökərək vəziyyətdən çıxmağa çalışsalar da bu effekt vermir. Yağış suları daşı-çınqılı yuyub aparır. Məktəblilər daha çox əziyyət çəkirlər yolsuzluqdan. Valideynlər isə övladlarını vaxtında məktəbə çatdırmaq üçün əlavə xərc çəkib avtomobil kirayələməli olurlar. Zərdab rayon icra hakimiyyəti başçısının Məlikli kənd inzibati ərazi dairəsi üzrə icra nümayəndəsinin müavini Siyavuş Kərimov sakinləri narahat edən çətinliyin həllini tapacağını deyir. İndi sakinlərin bir yolu qalır. İcra nümayəndəsi müavininin dediyi zamanı gözləmək.