Göyçayda avtoxuliqan inzibati həbs olundu
Göyçayda avtoxuliqanlıq edən sürücü inzibati həbs olunub.
Demedia.az EL TV-yə istinadən xəbər verir ki, Göyçay Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları şəhər ərazisində sürət həddini aşan, yol hərəkəti qaydalarını kobud şəkildə pozan və avtoxuliqanlıq edən sürücünü saxlayıblar. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, rayon sakini Emil Məlikov idarə etdiyi “VAZ-2170” markalı avtomobillə yol hərəkəti qaydalarını kobud və davamlı şəkildə pozaraq avtoxuliqanlıq edib, digər hərəkət iştirakçıları üçün də təhlükə yaradıb. Həmin şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən tərtib olunan protokol baxılması üçün aidiyyatı üzrə rayon məhkəməsinə göndərilib. Məhkəmənin də qərarı ilə Emil Məlikovun sürücülük hüququ 1 il müddətinə məhdudlaşdırılmaqla o, 20 sutka inzibati həbs olunub.