Göyçayda sahibsiz itlər heyvanlara hücum etdi
Göyçayda sahibsiz itlər xırda buynuzlu heyvanlara hücum edib, tələfat var.
Demedia.az EL TV-yə istinadən xəbər verir ki, hadisə rayonun Qaraməryəm kəndində qeydə alınıb.
Kənd sakini Kamil Niftəliyev ona məxsus 30 baş qoyunu bu gün səhər saatlarında kəndətrafı ərazidə kənarları bağlı olan otlaq sahəsinə otarmaq üçün aparıb. Bundan sonra onun anası Gülxanım Niftəliyeva qoyunlara baxmaq üçün həmin əraziyə gedib. Bu zaman qadın xırda buynuzluların yerdə halsız vəziyyətdə olduğunu görüb. Qadın 2 sahibsiz itin ərazidən uzaqlaşdığını müşahidə edib. Gülxanım Niftəliyeva yaxınlaşıb qoyunlara baxan zaman məlum olub ki, 3 baş qoyun artıq tələf olub. 7 baş qoyun isə yaralanıb. Təsərrüfat sahibi dərhal əraziyə baytar həkimləri dəvət edib. Həkimlər yaralı qoyunlara quduzluq əleyhinə vaksin vurub. Qaraməryəm kəndində baş verən oxşar hadisə artıq bu il 3-cü dəfədir təkrarlanır. Təsərrüfat sahibi bu kimi halların yenidən baş verməməsi üçün aidiyyatı qurumlardan kömək istəyir.