Tarixi yaşadan muzeylər



 19:45 19.05.2023     407

Muzey şahiddir. O, eyni zamanda keçmişimizi və bu günümüzü gələcəyə çatdıran ən yaxşı bələdçidir. Muzeylərin əsas vəzifəsi əşyaların və eksponatların, sadəcə, qorunub öyrənilməsi deyil, həm də onu təbliğ etməkdən ibarətdir.

Demedia.az EL TV-yə istinadən xəbər verir ki, Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin Kürdəmirdəki Aran regional filialında “Açıq qapı” günü keçirilib.

Şəhid ailələri, hərbçilər, rayon sakinləri, şəhərin qonaqları, ümumtəhsil məktəblərindən, mədəni-maarif müəsisələrindən çox sayda ziyarətçilər muzeyi ziyarət edərək zəngin ekspozisiya ilə ödənişsiz tanış oldular. Bu il Muzeylər Günü “Heydər Əliyev ili”nə təsadüf edir və bu baxımdan muzeydə yaradılan Heydər Əliyev guşəsində ziyarətçilərə milli-mənəvi dəyərlərimiz, folklorumuz, dil tariximiz, musiqimiz, ədəbiyyatımız, mədəniyyətimizlə bağlı Ulu öndərin gördüyü işlər, verdiyi tarixi qərarlar, proqram xarakterli çıxışları barədə muzey əməkdaşları və monitor vasitəsi ilə geniş məlumat verildi. Azərbaycan xalqının yaratdığı və qoruyub saxladığı böyük mənəvi dəyərləri, tarixi abidələri, zəngin mədəniyyəti ilə də dünyanın marağına səbəb olması barədə göstərilən videoçarx izləyicilərin diqqətini cəlb etdi. Muzeyi ziyarət edən qonaqlar, ziyarətçilər Muzeylər Günü münasibətilə muzey əməkdaşlarını təbrik edərək ekspozisiya ilə ətraflı tanışlıqdan məmnun qaldılar. Muzeyin əməkdaşları gün ərzində muzeyi ziyarət edənlərə Azərbaycanın mədəni irsi, eləcə də klassik ədəbiyyatımız barədə ətraflı məlumat vermiş, onları müxtəlif mədəniyyət nümunələri, rəsm və heykəltaraşlıq əsərləri ilə yaxından tanış etdilər.