Ürəyi vətən üçün dayanan qəhrəman - VİDEO
İmişli rayonunun Ölcələr kəndində dünyaya göz açan şəhid Şöhrət Əli oğlu Cabbarov uşaqlıq arzusuna çatdı-əsl vətəndaş olmaq arzusuna.
Hələ balacalıqdan aldığı təlim-tərbiyə onu bu ruhda böyüməyə, sinəsində gəzdirdiyi ürəyi vətən üçün döyünməyə səslədi. Həqiqi hərbi xidmətini başa vurub yenidən ordu sıralarına geri dönməsi isə onun vətən sevgisindən, yurda bağlılığından xəbər verirdi. 44 günlük Vətən müharibəsinin döyüş maşınında təcrübəli mexanik-sürücü kimi bütün gücü-qüvvəsi ilə vuruşan qəhrəmanımız nümunəvi xidməti ilə seçilirdi. Şəhid Şöhrət Cabbarov ordumuzun düşmənə qarşı həyata keçirdiyi əks hücum əməliyyatının ilk dəqiqələrindən döyüşə atıldı. Düşmənin müdafiə xəttinin yarılmasında iştirak etdi. Onun idarə etdiyi döyüş maşını bir dəfə vurulsa da müharibə meydanını tərk etmədi. Övladı haqqında qürurla danışan atası Əli Məmmədov onu igid və qorxmaz oğul kimi xarakterizə edir. Şöhrətin Füzuli, Cəbrayıl və Xocavənd istiqamətində gedən ağır döyüşlərdə göstərdiyi qəhrəmanlıqlar tanıyanlara, bilənlərə yaxşı məlumdur. Amma, bu gün adı qürurla çəkilən igidimizin Vətənə olan bağlılığının arxasında dayanan ən vacib qüvvə məhz onun valideynləridir. Məhz onlardan aldığı təlim-tərbiyə nəticəsində Şöhrət ən uca məqam olan şəhadətə yüksələrək qəlblərin fatehinə çevrildi. Şəhid Şöhrət Cabbarov döyüşlərdə göstərdiyi şücaətə görə “Vətən uğrunda”, “İgidliyə görə”, “Cəbrayıl və Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunub.