Mina: real təhlükə - VİDEO
İşğaldan azad edilən ərazilərə qayıdış sürətləndirildikcə insanların həyatı üçün ciddi risk olan mina təhlükəsi də artır.
Bu mövzunun həssaslığını nəzərə alaraq əhalinin maarifləndirilməsi qarşıda ən vacib məsələ olaraq dayanır. Maarifləndirmə prosesinə beynəlxalq qurumların təmsilçiləri də cəlb edilir. Azərbaycan Minatəmziləmə Agentliyi, Ombudsman Aparatı, Beynəlxalq Qızıl Xaç Komitəsi, BMT-nin İnkişaf Proqramının Azərbaycan Ofisinin nümayəndəliyi habelə birbaşa təsirə məruz qalan icmaların üzvləri və mina qurbanları əhalinin maarifləndirilməsində iştiak edirlər. Mina qurbanları bu partlayıcıların yaratdığı təhlükənin real və canlı şahidləridir. Ərazilərimiz işğaldan azad olunana qədər beynəlxalq qurumların 2020-ci ildə yaydığı hesabatda Azərbaycanın minalarla daha çox çirkləndiyi öz əksini tapır. Hətta ölkəmiz ilk onluqda dayanır. Lakin, işğaldan azad edilən ərazilərimiz də bu hesabata daxil edilərsə, Azərbaycan hətta ilk beşlikdə yer ala bilər. Horadiz qəsəbəsində "Minalardan azad Cənubi Qafqaz" regional kampaniyası çərçivəsində təşkil edilən görüşlərin davamlı keçirilməsi nəzərdə tutulur.