Əl və ayaqlarında 24 barmağı olan uşaq - VİDEO
Göyçay rayon İnçə kənd sakini, 8 yaşlı Abdul Xəlilovu hər kəsdən fərqləndirən onun barmaqlarının sayıdır.
Abdulun əl və ayağında hamı kimi ümumilikdə 20 yox, 24 barmağı var. Amma bu, azyaşlıya hərəkətlərində ciddi çətinlik yaratmır. Ailənin son beşiyi olan Abdul Xəlilovun nə bacısında, nə də ailəsinin digər üzvlərində belə hal yaşanmayıb.
Nənəsi Gülcahan Xəlilova deyir ki, nəvəsinin 6 barmaqlı olmasından onun dünyaya gəlməsindən bir neçə gün sonra xəbər tutublar. Abdulun babası Məzahir Xəlilov nəvəsi böyüdükcə hərəkətlərində çətinlik yarada biləcəyindən ehtiyatlanaraq, onun barmaqlarını amputasiya etdirmək üçün həkimlə məsləhətləşib. Lakin cərrah bundan imtina edib. Məzahir baba əlavə edir ki, əl və ayaqlarındakı artıq barmaqlar Abdulu dərslərindən, idmanla məşğul olmağından, bir sözlə, öz yaşıdlarından heç də geridə qoymur. Digər barmaqlarla yanaşı, adsız barmaqlar da rahat şəkildə yumulub açılır, o birilərindən fərqlənmir. Hazırda ikinci sinifdə oxuyan Abdul yaşına görə şən, hazırcavab olmaqla yanaşı, bacarığı ilə də yaxınları məktəb yoldaşlarının sevimlisidir. Tibbi statistikaya görə, hər 1000 yeni doğulanın birində əlavə barmaq ola bilər. Elm bunu polidaktiliya adlandırır və genetik sindromla əlaqəndirir. Belə hallara qohum olmayan evlilikdən doğulan uşaqlarda da rast gəlinə bilər. Bu anomaliya ilə doğulan körpələr bəzən tez əməliyyat olunub artıq barmaqlar alındığı üçün onların sayı dünyada o qədər də çox deyil.