Tarixi torpaqlarımıza qayıdış - VİDEO
Qarabağ zəfəri bütün tarixi torpaqlarımıza qayıdışın əsasını qoydu.
Qarabağlıların ata-baba yurdlarının işğaldan azad edilməsi Qərbi Azərbaycandan zorla çıxarılan insanların gözlərinə də nur gətirib. İndi doğma yurdunun həsrətində olan Qərbi Azərbaycan ünvanlı hər kəs Vətənə qayıdacağı günün həyacanını yaşayır.
Ermənilərin 1953-cü ildə deportasiyaya məruz qoyduğu kəndlərdən biri də Basarkeçər rayonunun Daşkənd kəndinin sakinləri olub. Kənd sakinlərinin doğma-yurdlarından didərgin salınmasından 70 il ötür. Vaxtilə Daşkənddən zorla çıxarıldıqdan sonra Bərdədə özlərinə yeni Yeni Daşkənd adlı kəndi salan soydaşlarımız 70 il öncə baş verənləri bir daha xatırlayıblar. Bəli, artıq son üç ildə Azərbaycanda cərəyan edən proseslər onu deməyə əsas verir ki, zaman-zaman parçalanmaya məruz qalan torpaqlarımızın artıq bütövləşməsi və yurdundan didərgin salınan yurddaşlarımızın öz doğma ellərinə qayıtması mərhələsi başlayıb. Qərbi Azərbaycandan deportasiya olunan soydaşlarımızın da öz ata-baba yurdlarına qayıdışı məsələsi də indi əsas gündəmimizdən biridir. 2022-ci ilin avqusutunda “Azərbaycan Qaçqınlar Cəmiyyəti” ictimai birliyinin “Qərbi Azərbaycan İcması”na çevrilməsi qərbi azərbaycanlıların ata-baba yurdlarına qayıdışı prosesinin həm də bir başlanğıc mərhələsi oldu. İcmanın yaranması və bu istiqamətdə aktiv tədbirlərin həyata keçirilməsi uzun illərdir tapdanan hüquqların bərpasına yönəlib. Göründüyü kimi Qərbi Azərbaycan icmasının beynəlxalq səviyyədə də aktivliyi müşahidə edilir. Bu istiqamətdə atılan bütün addımlar 70 illik deportasiya tarixinin acı xatirələrini yaşayan və bilən hər bir qərbi azərbaycanlının üzündə ümid işığı yandırır. Tədbirdə qərbi Azərbaycandan olan soydaşlarımıza əllərində olan sənədlərin icmaya təqdim edilməsi çağırışıda edilib. 1953-cü ildə Bərdədə Yeni Daşkənd kəndinin əsasını qoyan 130 qərbi azərbaycanlı ailənin sayı indi artıq çoxalıb. Onlar doğma yurdlarına qayıdacaqları günü bu gün səbirsizliklə gözləyirlər.