Respublikada taxılçılığın inkişafı ilə bağlı işlər davam edir
Respublikada taxılçılığın inkişafı, xüsusilə də yerli sortlardan istifadə edərək regiona uyğun toxumların seçilməsi üçün sınaq əkinləri aparılır.
Demedia.az EL TV-yə istinadən xəbər verir ki, hazırda 30 rayonda bu proses davam etdirilir.
Füzuli rayonunda da sınaq əkinləri üçün 1 hektar ərazi ayrılıb və 5-i buğda ikisi arpa olmaqla 7 sort sınaqdan çıxarılıb. Taxıl sortlarından gözlənilən nəticə də əldə edilib. Sınaq işləri zamanı yerli sortların iqlimə uyğunlaşdırılması, xəstəliyə dözümlü olması vacib şərt kimi götürülür. Sortların sınaqdan uğurlu çıxması ilə əlaqədar fermerlərlə birlikdə sahəyə baxış keçirildi. Uzun illərdir ki taxılçılıqla məşğul olan fermer Ziyad Xanlarovun müşahidələri onu göstərir ki, səpini aparılan “Qobustan” buğda sortu daha məhsuldardır. Demək olar ki, bu növdən hər hektara 60-70 sentiner məhsul əldə etmək olar. Əvvələr toxumlar xaricdən gətirilirdisə, bu həm çəkilən xərci artrırıdı, həm də məhsuldarlıq aşağı olurdu. Həmçinin buğdanın un çıxışı da az olurdu. Lakin son illər yaradılan yerli sort toxumlar öz məhsuldarlığı ilə seçilir. Yerli sortların regiona uyğun seçilməsi həm də işğaldan azad olunan ərazilərdə taxıl əkinindən yüksək məhsul götürməyə imkan yaradacaq. Füzuli Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Hüseyn Abbasovun sözlərinə görə torpaqlarımız azad olunandan sonra rayon ərzisində təkcə taxıl sahələrinin ərazisi 11500 hektardan çox artıb. Ərazilər minalardan təmizləndikcə bu göstərici yüksəlir. Sınaqdan uğurla çıxan sortların həmin ərazilərdə də əkilərək yüksək məhsul götürülməsi nəzərdə tutulur. Sınaq əkinlərdə əsas məqsəd fermerlərin maddi rifahinin yüksəldilməsi üçün məhsuldarlığın artırılmasıdır. Həmçinin başlıca şərt vahid sahə hesabına daha çox məhsul almaqdır.