Taxıl sahələrində aprobasiyanın aparılma qaydalarına dair təlim keçirildi
Tərtər rayonundakı toxumluq taxıl sahələrində aprobasiyanın aparılma qaydalarına dair təlim keçirilib.
Demedia.az EL TV-yə istinadən xəbər verir ki, təlim Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi və BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı ilə əməkdaşlıq çərçivəsində baş tutub.
Tərtər Bölgə Təcrübə Stansiyasında toxumluq əkin sahələrində aprobasiyanın aparılması tədbirləri ilə bağlı mütəxəssislərin təcrübə və bilikləri artırılır. Onların mövcud potensialı gücləndirilir. Təlimdə Ucar, Göygöl, Bərdə, Tovuz və Qazaxdan gələn mütəxəssislər iştirak edir. Regionlarda toxum sertifikatlaşdırma laboratoriyalarında fəaliyyət göstərən aqronomlara dənli taxıl və dənli paxlalı bitkilərin toxumluq əkin sahələrində aprobasiyasının aparılması qaydaları izah edilir. İştirakçılarla aprobasiyanın məqsədi, toxumluq əkinlərin qeydiyyatı və aprobasiyaya hazırlıq, aprobasiyanın aparılma vaxtı, prosesin qarşısında duran vəzifələr, dərzlərin götürülməsi və təhlili ilə bağlı müzakirələr aparılır. Təlimin sonunda attestasiyadan keçənlərə aprobator vəsiqələri təqdim olunur.