“Azəriqaz”: “Bu il abonentlərin 77 %-i aşağı qaz istifadəsi limitini keçməyib”



 12:16 26.05.2023     466

Bu ilin yanvar-aprel aylarında əhali sektorunda təbii qazla təmin olunan 1 milyon 932 min 299 abonent, yəni ümumilikdə abonentləin 77,5 %-i 12 qəpik tarifi ilə qaz istifadəsi limitini keçməyib.

Demedia.az-ın məlumatına görə, bunu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyev bu gün media və QHT nümayəndələri üçün keçirilən “Açıq qapı” aksiyası zamanı bildirib.

Onun sözlərinə görə, ötən 4 ay ərzində 514 min 780 abonent, yəni ümumi abonentlərin 20,6 %-i 20 qəpik, 47 min 353 abonent isə (abonentləin 1,9 %-i) 25 qəpik tarifi ilə qaz istifadə ediblər.

Qeyd edək ki, 2021-ci il oktyabrın 16-da Tarif Şurasının iclasında təbii qaz üzrə topdansatış və pərakəndə satış qiymətlərinin tarif tənzimlənməsinə dair qərar qəbul edilib. Qərara əsasən, əhalinin illik istehlakının 1 200 kubmetrədək olan hissəsi üçün tariflər 10 qəpikdən 12 qəpiyə artırılıb. Əhali üçün 1 200-2 500 kubmetrədək və 2 500 kubmetrdən çox olan hissələr üçün tariflər müvafiq olaraq 20 və 25 qəpik olmaqla dəyişmədi və əvvəlki həddə saxlanılıb. Qeyri-əhali kateqoriyasından sənaye və kənd təsərrüfatı üzrə qazın tarifləri 20 qəpikdən 22 qəpiyə artırılıb.