Narkokuryerlik edən qadın saxlanıldı
Şirvanda əcnəbi vətəndaşa narkokuryerlik edən qadın saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan Demedia.az-a verilən məlumata görə, Şirvan Şəhər Polis Şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən şəhər sakini Lamiyə Məmmədova saxlanılıb.
Onun üzərinə keçirilən baxış zamanı 3 qramdan artıq narkotik maddə-heroin aşkarlanıb. Əməliyyat tədbirlərinin davamı olaraq Lamiyə Məmmədovanın yaşadığı ünvana keçirilən baxış zamanı oradan 5 ədəd sellofan torbada qablaşdırılmış və ümumi çəkisi 5 kiloqram 120 qram olan heroin və elektron tərəzi aşkar olunaraq maddi sübut kimi götürülüb. Dindirilmə zamanı saxlanılan qadın sosial şəbəkədə tanış olduğu İran vətəndaşına narkokuryerlik etdiyini etiraf edərək aşkarlanan narkotik vasitəni qabaqcadan təyin olunan yerə çatdırmalı olduğunu bildirib. Faktla bağlı cinayət işi başlanılıb. Lamiyə Məmmədova barəsində həbs qətimkan tədbiri seçilib. Onun cinayət əlaqələrinin müəyyən edilməsi istiqamətində tədbirlər davam etdirilir.