Ucarda güclü külək və yağış ciddi fəsadlara yol açdı - VİDEO



 19:44 01.06.2023     460

Ucarda başlayan güclü külək və yağış ağacları aşırıb və elektrik təsərrüfatına xeyli ziyan vurub.

Demedia.az EL TV-yə istinadən xəbər verir ki, güclü külək nəticəsində rayon sakini, 1957-ci il təvəllüdlü Ənvər Məmməd oğlu Məmmədov xəsarət alıb.

Zərərçəkən Ucar Mərkəzi Rayon Xəstəxanasının Reanimasiya Şöbəsinə yerləşdirilib. Bundan başqa rayonun Küçəkənd kəndində ağac Aşura Musayevaya məxsus dükanın dam örtüyünü qoparıb və dükan sahibi yüngül xəsarət alıb. Zərərçəkənin ona ümumilikdə 12 000 manata yaxın ziyan dəydiyini bildirir. Hava şəraitinin kəskin dəyişməsi Ucar şəhərinə elektrik enerjisinin verlişinin dayanmasına da səbəb olub. Yollarda avtomobillərin və piyadaların gediş-gəlişi çətinləşib. Küləyin və yağışın yaratdığı fəsadların aradan qaldırılması məqsədilə rayonun bütün aidiyyatı qurumlarının canlı qüvvəsi və texnikası səfərbər olunub. Yaranmış fəsadların aradan qaldırılmaı üçün zəruri işlər həyata keçrilir.

Göyçay rayonunda da qasırğa baş verib. Güclü külək şəhərdə iki yaşayış binası və bir neçə fərdi evin, yardımçı tikilinin dam örtüyünü qopararaq atıb. Rayonda 20-yə yaxın ağac aşıb, elektrik və rabitə naqilləri qırılıb. Aşan ağacların bəziləri bəzi avtomobillərinə düşüb. Rayonda əhaliyə elektrik enerjisinin verilişi dayanıb. Qasırğa bir saata qədər davam edib. Güclü leysan yağışı nəticəsində əmələ gələn sel suyu Göyçay şəhərinin mərkəzi küçələrinə yığılıb, avtomobillərin və piyadaların hərəkəti çətinləşib, bir neçə evin zirzəmisini və həyətyanı sahəsini su basıb. Güclü küləklə müşayiət olunan yağışın vurduğu ziyanın aradan qaldırılması istiqamətində zəruri işlər davam etdirilir. Bundan başqa rayonda baş verən qasırğa zamanı 2 nəfər xəsarət alıb. Güclü külək və qasırğa səbəbindən TƏBİB-in tabeliyindəki Göyçay Rayon Mərkəzi Xəstəxanası gücləndirilmiş iş rejiminə keçib. Tibb müəssisəsinin əksər tibb və qeyri-tibb heyəti işə cəlb edilib. Baş verən təbiət hadisələri ilə bağlı 2 nəfər Göyçay Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Onların hər birinə zəruri tibbi xidmətlər göstərilib. 1964-cü il təvəllüdlü qadın pasiyentin müalicəsi tibb müəssisəsinin təcili tibbi yardım şöbəsində davam etdirilir. Ona başın təpə və burun nahiyəsinin əzilmiş, cırılmış yaraları diaqnozu qoyulub. Vəziyyəti stabil qiymətləndirilir. 1995-ci il təvəllüdlü digər qadın pasiyent isə bel fəqərələrinin sınığı diaqnozu ilə TƏBİB-in tabeliyindəki Respublika Neyrocərrahiyyə Xəstəxanasına təxliyə olunub.