İdeyadan Biznesə (i2b) layihəsinin növbəti uğuru - FOTO
03 iyun 2023-cü il Azərbaycan Respublikası Gənclər Fondunun 2022-ci ildə elan etdiyi 16-cı qrant müsabiqəsinin “Elmin kommersiyalaşdırılması – İdeyadan Biznesə (i2b)” adlı layihə ilə qalibi olmuş “Gənclərin Elmi Araşdırmalarına Dəstək” (GEAD) İctimai Birliyi nəzərdə tutulmuş layihənin qapanış tədbirini keçirib.
Demedia.az xəbər verir ki, Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının (NAYORA) resurs mərkəzinin akt zalında keçirilən tədbiri giriş sözü ilə açan İctimai Birliyinin sədri Elvin Hüseynov sözügedən layihənin ümumi gedişatı və yekun nəticəsi ilə bağlı ətraflı məlumat verib.
İkinci məruzəçi tərəfdaş təşkilatın rəhbəri, “Yeni Fikir” MMC-nin direktoru dos. Günay Qasımova təşkilatın fəaliyyəti barədə ümumi məlumat verərək, startap sahəsindəki təcrübələrini tədbir iştirakçıları ilə bölüşüb.
O, çıxışında bu layihənin istiqamətinin dövlətin elm-təhsil sahəsinin inkişafındakı rolu və əhəmiyyəti haqqında danışıb.
Tədbir layihənin uğur qazanmış startap müəlliflərindən bəzilərinin təqdimatlarıı ilə davam edib.
Belə ki, Sərvan Heydərli “PureStream”, Mənsurə Əhmədova “Kotodama”, Ramin Əkbərov “Bucard” və Yaqut Zeynallı “Rubyland” adlı startaplarını tədbir iştirakçılarına təqdim edib, startap müəllifləri onlara ünvanlanmış çoxsaylı sualları cavablandırıblar.
Sonra Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) nümayəndəsi Aqşin Mehdiyev çıxış edib. O, i2b layihələrinin əhəmiyyətindən, innovativ yanaşmaların və elmin kommersiyalaşdırılmasının dövlətin inkişaf siyasətinin priotetlərindən biri olduğunu qeyd edib. Həmçinin o, KOBİA-nın fəaliyyət sahəsi və istiqamətləri barədə məlumat verərək, qurumun bu istiqamətdə gənclərə verdiyi dəstəkdən də bəhs edib.
Daha sonra INNOLAND İnkubasiya və Akselerasiya Mərkəzinin rəsmisi Nicat Əmiraslanov təmsil etdiyi təşkilatın fəaliyyəti barəsində geniş məlumat verərək, hazırkı layihənin gələcək inkişafı istiqamətində veriləbiləcək dəstək barəsində danışıb.
Son çıxış olaraq, layihə rəhbəri Rəşid Cəbrayılov layihənin yekunu haqqında geniş hesabat verib. O bildirib ki, “Elmin kommersiyalaşdırılması – İdeyadan Biznesə (i2b)” adlı layihənin əsas məqsədi elm və təhsil sahəsində fəaliyyət göstərən gənc elmi tədqiqatçıların ideyalarını reallaşdırmasına dəstək vermək olub. Bunun üçün, çoxmodullu təlimlər və mentorluq dəstəyi ilə layihə iştirakçılarının ideyaları startaplara çevrilib.
Yekunda layihə iştirakçılarına müvəffəqiyyət və iştirakçı sertifikatları, həmçinin, GEAD İctimai Birliyinin xatirə hədiyyəsi təqdim edilib və birgə xatirə fotosu çəkdirilib.