Qəriblidəki qərib şəhid məzarı - VİDEO
Nofəl Şəmil oğlu Babayev 1966-cı ildə Ağdaş rayonunun Qəribli kəndində dünyaya göz açıb.
Birinci Qarabağ müharibəsinin ilk günlərindən ordu sıralarına könüllü qoşulan Nofəl Füzuli istiqamətində gedən döyüşlərin iştirakçısı olur. Elə həmin istiqamətdə də şəhidlik məqamına yüksələrək Qəribli kənd məzarlığında dəfn edilir.
Elə əsas məsələ də şəhidin məzarı ilə bağlıdır. Daha dəqiqini desək, onun məzar daşı ilə. Şəhidin qəbri üzərinə uzun illər əvvəl qoyulan məzar daşı bir müddət sonra yararsız hala düşdüyündən yenisi ilə əvəzlənib. Lakin, sonradan həmin daşlar da öz keyfiyyətini və görkəmini itirib. İndi isə şəhidin yaxınları həm daşların yenisi ilə əvəzlənməsini, həm də ətrafının abadlaşdırılmasını istəyirlər. Lakin, öz maddi durumları bu işi görməyə imkan vermir. Düşmənə qarşı sinəsini sipər edən, ərazi bütövlüyümüz üçün canından keçən vətənin igid oğlunun məzar daşı bərpa olunub, normal görkəm verilib, ətrafı abadlaşdırılarsa həm şəhidin yaxınları, həm də elə onun özünün ruhu şad olar. Qəribli bələdiyyəsinin sədri Baris Həsənov deyir ki, kəndin ərazisi şoranlıq olduğundan burada məzar daşları da tez sıradan çıxır. Amma, yekdil bir fikir var. Şəhid başımızın tacıdır. Onun adı hər zaman uca tutulmalı, xatirəsinə ehtiram göstərilməlidir. Nəzərə alınsa ki, elə Qəribli kənd orta məktəbi də şəhid Nofəl Babayevin adını daşıyır, o zaman onun yaxınlarının istəyinin reallığa çevrilməsi daha düzgün addım olardı. Çünki, qəhrəmanlarımız gələcəyimiz olan gənclər üçün hər zaman örnəkdirlər. Bu örnəyi daim yaşatmaq isə hər birimizin ən vacib borcudur.