Bu gün Rəşid Behbudovun anım günüdür
“Alagöz”, “Gecələr”, “Lalələr”, “Sənə də qalmaz”, “Küçələrə su səpmişəm”, “Evləri var”, “Tələsin, insanlar” və s. ifa etdiyi mahnılar... Bu şəffaf, bulaq suyu kimi axıcı səsi unutmaq mümkün deyil. Bu səs sehri, cazibəsi ilə təkcə sahibinə deyil, həm də onun mənsub olduğu millətə, xalqa, məmləkətə daim şöhrət gətirərək tükənməz məhəbbət qazandırıb. Bu gün SSRİ Xalq artisti, Dövlət mükafatları laureatı, Sosialist Əməyi Qəhrəmanı, görkəmli müğənni Rəşid Behbudovun vəfatından 34 il ötür.
Demedia.az xatırladır ki, səsi, sənəti, fitri istedadı ilə əbədiyaşarlıq qazanan Rəşid Behbudov 1915-ci ildə Tbilisidə xanəndə Məcid Behbudovun ailəsində dünyaya göz açıb. Uşaq yaşlarından məktəb xorunda oxuyan R.Behbudov 1933-cü ildə Dəmir Yolu Texnikumuna qəbul olub. Təhsili dövründə tələbə özfəaliyyət orkestrində çalışıb. Hərbi xidmət zamanı ordu ansamblının, əsgərlik illərindən sonra isə Tbilisi estrada qruplarından birinin solisti olub.
Rəşid Behbudov 1943-cü ilin sonunda Bakı kinostudiyasında Üzeyir Hacıbəylinin eyniadlı operettasının motivləri əsasında çəkilən “Arşın mal alan” filmində baş rola dəvət alıb. 1945-ci ildə efirə çıxan film tezliklə nəinki Azərbaycanda, bütün SSRİ məkanında böyük populyarlıq qazanıb. 1946-cı ildə bu filmdəki Əsgər roluna görə Rəşid Behbudov Stalin mükafatına layiq görülüb. Əsgər obrazını yaradan müğənninin şirin və könül oxşayan səsi hər bir dinləyicini valeh edib. Bundan sonra sevimli müğənninin səsini eşitmək arzusunda olanların sayı gündən-günə artıb. Azərbaycan kinosunun qızıl fonduna daxil olan həmin film bu gün də müvəffəqiyyətlə nümayiş etdirilir.
R.Behbudov uzun illər Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti olub. 1966-cı ildən musiqi və estrada sənətinin caz, balet, pantomima kimi müxtəlif janrlarını özündə birləşdirən Azərbaycan Dövlət Mahnı Teatrını təşkil edib və ömrünün sonunadək onun solisti və bədii rəhbəri olub. Hazırda bu teatr dahi sənətkarın adını daşıyır.
İfaçılıqda xalq yaradıcılığını, vokal sənətini, estrada janrını sintez edən Rəşid Behbudov bənzərsiz səsi, zahiri görkəmi və aktyorluq istedadı ilə dinləyicinin və tamaşaçının qəlbini ovsunlayan ifaçılardandır.
Milli musiqi xəzinəmizin, eləcə də Azərbaycan bəstəkarlarının əsərlərinin ölkə hüdudlarından kənarda populyarlıq qazanması məhz Rəşid Behbudovun ifası sayəsində mümkün olub. Tofiq Quliyev, Fikrət Əmirov, Səid Rüstəmov, Vasif Adıgözəlov, Qara Qarayev, Arif Məlikov və digər görkəmli bəstəkarlarımızın yaradıcılığını onsuz təsəvvür etmək mümkün deyil.
Xalqını sonsuz məhəbbətlə sevən sənətkar sovet respublikaları ilə yanaşı, Argentina, Bolqarıstan, Belçika, Çili, Çin, Efiopiya, Finlandiya, Hindistan, İran, İraq, İtaliya, Misir, Türkiyə və digər ölkələrdə geniş konsert proqramları ilə Azərbaycan xalq mahnılarının və bəstəkar əsərlərinin populyarlaşmasında çox böyük rol oynayıb. Yaradıcılığı sərhəd tanımayan Rəşid Behbudovun ifa etdiyi hər mahnı, yaratdığı hər obraz sənət hadisəsinə çevrilib, sənətkar dəfələrlə dövrünün ən yüksək mükafatlarına layiq görülüb.
Rəşid Behbudovun sənəti Azərbaycan musiqi tarixinə ən şərəfli səhifələrdən biri kimi həkk olunub. SSRİ məkanında, eləcə də dünyanın ayrı-ayrı qitələrində milyonlarla dinləyicinin qəlbini fəth edən sənətkar getdiyi hər yerdə Azərbaycan musiqisinin, onun zəngin mədəniyyətinin yorulmaz təmsilçisi və təbliğatçısı idi.
1989-cu il iyunun 9-da Moskvada vəfat etmiş dahi sənətkar Bakıda Fəxri xiyabanda dəfn edilib.