Azərbaycanı SİLKƏLƏYƏCƏK açıqlama: “7,5 maqnitudalı zəlzələnin olması mümkündür”



 13:02 11.06.2023     459

“Sən öz sahəndən danış. Alimsən, böyük hörmətim var. Azərbaycanda 7,5 maqnitudalı zəlzələ olacaq demək dərinliyindən asılı olaraq 9-10 bal gücündə zəlzələ deməkdir. Nə vaxt gözlənilir o zəlzələ? Biz burada otura bilmirik, bütün günü yaşlılar, xəstə insanlar, jurnalistlər zəng edir”.

Bu sözləri AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli bir müddət öncə Bakıda səfərdə ikən Azərbaycanda 7,5 bal gücündə zəlzələ olacağını deyən türkiyəli geoloq Cəlal Şengörün fikirlərinə münasibət bildirərkən deyib.

qurban.PNG (462 KB)

Qurban Yetirmişli bildirib ki, Cəlal Şengör şoumendir, populist çıxış edib:

“Əgər sənin belə bir tədqiatın varsa, alimlər qarşısında çıxış et, jurnalistlər qarşısında yox. Görək hansı əsaslarla, parametrlərlə deyirsən ki, Azərbaycanda 7,5 maqnitudalı zəlzələ gözlənilir. Mən də bilirəm ki, bəli, ola bilər. Seysmogen bölgədə ancaq zəlzələ olmalıdır, başqa nə olmalıdır? Nə vaxt olacaq, harda olacaq, hansı dərinlikdə olacaq? Ehtimal başqa şeydir. Qısamüddətli proqnoz vermək qeyri-mümkündür. Çünki saniyələrlə gedən məsələdir. Biz oturub zəlzələni gözləməliyik? Belə çıxışlar xalqı panikaya salır”.

Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktorunun sözlərinə görə, dünən axşam saat 9-dan səhər 9-a qədər 34 yeraltı təkan olub ki, heç biri hiss olunmayıb:

“Bu, təbii haldır. Dinamik proseslər gedir və getməlidir. Yer insan kimi nəfəs alır. Hazırda Azərbaycan üçün güclü aktivliyin getdiyi bir mövqe yoxdur.

Biz ötən ildən bu yana Oksford Universiteti ilə birgə tədqiqatlar aparırıq. Ötən il Ağsu və Salyanda tədqiqat apardıq. 1668-ci ildən 1902-ci ilə qədər orada maqnitudası 7, 7,5 olan tarixi zəlzələlər olub, amma onlar bizə məlum deyil. Nə vaxtsa yenidən o gücdə və ondan da artıq gücdə zəlzələnin olması mümkündür. Bu güc yer daxilində gərginliyin toplanma dərəcəsindən, aktiv qırılmanın uzunluğundan, deformasiya və s.-dən asılı olaraq dəyişir.

Tədqiqat nəticəsində aşkarlanan qırılmalar, süxur nümunələri Oksford Universitetində radioloji analizlərdən keçiriləcək. Azərbaycan ərazisinin seysmogen bölgələrində bu tədqiqatları bir müddət davam etdirəcəyik”.//Musavat.com