Daha bir marşrut xətti “BakuBus”a verilir
Nazirlər Kabinetinin 52 nömrəli qərarının tələbləri əsasında 172 nömrəli müntəzəm marşrut üzrə keçirilən müsabiqənin qalibi “BakuBus” MMC elan olunub.
Bu barədə Demedia.az-a Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin tabeliyindəki Bakı Nəqliyyat Agentliyindən bildirilib.
Məlumata görə, vətəndaşlara keyfiyyətli, rahat və təhlükəsiz sərnişindaşıma xidmətlərinin göstərilməsi, bu sahədə qanunvericiliyin tələblərinin qorunması məqsədi ilə “Ayşən-LTD” MMC-nin müvəqqəti istismarında olan 172 nömrəli müntəzəm marşrut xətti üzrə (Bilgəh qəsəbəsi –“Koroğlu” NMM) sərnişindaşımaları “BakuBus”a həvalə edilib.
İyunun 15-dən bu xətt üzrə daşımalar dövlət şirkətinin istismarında olan müasir, sərnişindaşıma tələblərinə tam cavab verən avtobuslarla həyata keçiriləcək. Bu dəyişiklik sayəsində ümumilikdə 10 000 nəfərə yaxın sakini olan Bilgəh qəsəbəsi üzrə əhalinin ictimai nəqliyyata əlçatanlığı əhəmiyyətli dərəcədə yaxşılaşacaq.