Saatlıda may balının süzümünə başlanıldı - VİDEO
Mil-Muğan bölgəsinin rayonlarından olan Saatlıda may balının süzümünə iyun əvvələrindən başlanılıb.
Demedia.az EL TV-yə istinadən xəbər verir ki, arıların işləməsi üçün əlverişli şərait olduğundan bal məhsulunun keyfiyyəti və məhsuldarlığı da yüksəkdir.
Arıçı Etiram Məmmədovun təsərrüfatında 200-dən çox arı ailəsi bəsləyir. Arıçı deyir ki, may balı bölgənin spesifik məhsulu sayılır. Çünki May balının tərkibində 70 növdən çox bitkinin nektarı yer alır. Muğan bölgəsinin bitki müxtəlifliyi may balının keyfiyyətinə birbaşa təsirini göstərir. Bundan əlavə arıçılar arı ailələrinin yerləşdiyi ərazidə müxtəlif bitkiləri əkərək daha keyfiyyətli məhsul almağa çalışırlar. Bağlardakı alma, heyva, armud, albalı, ərik, nar və digər meyvə ağacları, həmçinin yonca, yağ tikanı, akasiya, pişik caynağı, arı otu, melisa, qarağat arıların ən yaxşı nektar mənbəyidir. Kürqırağı tuqay meşələrinin zəngin yulğun örtüyü və digər ağacların çiçəkləri də arılar üçün əsas naktar bazası sayılır. Uzun illərdir arıçılıqla məşğul olan Rasim Bədəlov da builki məhsuldarlığın yaxşı olacağından əmindir. İlk dəfə 2011-ci ildə 2 yeşiklə arıçılığa başlayan Rasim Bədəlov bu sahəni qazanc əldə etmək üçün əlverişli sahə hesab edir. Ötən il 29 arı ailəsindən 450 kiloqram may balı süzən arıçı bu il arı ailəsinin sayını 33-ə çatdırıb. Bir neçə gündür yığımına başlanılan hər yeşikdən birinci süzümdə 30 kiloqram bal məhsulu götürülüb. Arıçılar növbəti süzümdə məhsulun daha çox olacağınını deyirlər. Arıların məhsulları təkcə balla yekunlaşmır. Əlavə olaraq çiçəktozu, arı südü, güləm və digər məhsullar da əldə edilir.