Hərbi-idman oyunlarının final mərhələsi keçirilir
Elm və Təhsil, Gənclər və İdman, Müdafiə, Fövqəladə Hallar nazirlikləri, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Veteranlar Şurasının birgə qərarı ilə ümumtəhsil məktəblərinin 8-10-cu sinif şagirdləri arasında keçirilən “Şahin” hərbi-idman oyunlarının final mərhələsi keçirilir.
Demedia.az EL TV-yə istinadən xəbər verir ki, komandalar qalib adı uğrunda mübarizə aparırlar. Azərbaycanın Gənclər paytaxtı olan Mingəçevirdə “Şahin” hərbi-idman oyunlarının final mərhələsinə start verilib. “Şahin” hərbi-idman oyunlarının final mərhələsi məktəblilərin hərbi orkestrin ifası altında təntənəli marşla mərkəzi meydana daxil olmaları ilə başlayıb. “Şahin” hərbi-idman oyunlarının keçirilməsində əsas məqsəd böyüməkdə olan gənc nəslin hərbi-vətənpərvərlik tərbiyəsinə diqqəti daha da artırmaq, məktəbliləri hərbi-idman oyunlarına cəlb etməklə onların ordu sıralarında xidmətə hazırlanmasına kömək göstərməkdir. N saylı hərbi hissənin xüsusi təyinatlı dəstəsinin müxtəlif çıxışları, döyüş tapşırıqlarının icrası, şərti terrorçuların məhv edilməsi izlənildikdən sonra yarışda iştirak edən komandalar sıra hazırlığı, fiziki hazırlıq, maneələrin dəf olunması, mülki-müdafiə hazırlığı və digər mərhələlər üzrə tapşırıqları icra ediblər. Respublikanın 10 şəhər və rayonundan 150 nəfərin iştirakı ilə keçirilən idman oyunlarının final mərhələsində uğur qazanacaq idmançılar medal və diplomla mükafatlandırılacaq.