Müəllimlərin sertifikasiya imtahanı başlayıb



 10:58 20.06.2023     317

Bu gündən etibarən dövlət ümumi təhsil müəssisələrində çalışan təhsilverənlərin sertifikatlaşdırma prosesinin test imtahanı mərhələsinə başlanılıb.

Publika.az xəbər verir ki, sertifikatlaşdırmanın test imtahanı mərhələsi ölkənin 13 müxtəlif şəhərində 23 imtahan mərkəzində təşkil olunub.

Qaydaların tələblərinə müvafiq olaraq, test imtahanı ilə bağlı məlumat mayın 18-də iştirakçıların şəxsi kabinetlərinə göndərilib. Bütün ölkə üzrə 20-23 iyun tarixlərində 20 000-ə yaxın təhsilverən ibtidai sinif, 24 iyun tarixində 8500-dən çox təhsilverən Azərbaycan dili və ədəbiyyat fənni üzrə sertifikatlaşdırma prosesinin test imtahanı mərhələsinə cəlb olunacaqdır. Ümumilikdə sertifikatlaşdırma prosesinin test imtahanı mərhələsinə 28 000-dən çox təhsilverən dəvət olunub.

Qeyd edək ki, test imtahanı mərhələsində 120 dəqiqə müddətində təhsilverənlərin tədris etdiyi fənn üzrə ümumtəhsil proqramlarına, tədris metodikasına və təlim strategiyalarına aid 60 sual təqdim edilir. Hər düzgün cavab 1 balla qiymətləndirilir. Bu mərhələnin nəticələri üzrə balların hesablanmasə avtomatlaşdırılmış rejimdə proqram təminatı vasitəsilə həyata keçirilir və imtahan başa çatdıqdan dərhal sonra namizədə elan edilir.

Nəzərinizə çatdırırıq ki, test imtahanında azı 30 bal toplamış təhsilverənlər sertifikatlaşdırmanın müsahibə mərhələsinə keçmək hüququ qazanacaqdır.

Xatırladaq ki, Nazirlər Kabinetinin 18 avqust 2022-ci il tarixli qərarına əsasən, dövlət ümumi təhsil müəssisələrinin təhsilverənlərinə sertifikatlaşdırmanın nəticəsinə uyğun olaraq tədris edilən dərs saatına görə test imtahanı mərhələsində 50 baldan yuxarı nəticə göstərənlərin vəzifə maaşları 35%, keçid balını toplayan digər təhsilverənlərə isə 10% aylıq əlavələr ediləcəkdir.