Azərbaycanda bu şəxslər 15 min manat cərimələnəcək
Siyasi partiyalar tərəfindən qəbul edilən qanunsuz ianələrlə bağlı cərimələr müəyyənləşir.
Demedia.az xəbər verir ki, bu, İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.
Layihəyə əsasən, siyasi partiya tərəfindən siyasi partiyanın üzvü və ya digər şəxsdən il ərzində “Siyasi partiyalar haqqında" qanunla müəyyən edilmiş məbləğdən (dəyərdən) və ya ianənin qəbul edilməsinə görə inzibati xətanın bilavasitə obyekti olan artıq qəbul edilmiş üzvlük haqqı və ya ianə müsadirə edilməklə onun məbləğinin (dəyərinin) səksən faizindən yüz faizinədək məbləğdə cərimə ediləcək.
Həmçinin, siyasi partiyanın "Siyasi partiyalar haqqında" qanunun tələblərini pozmaqla qəbul etdiyi ianəni həmin qanunla müəyyən edilmiş müddətdə geri qaytarmamasına, bu mümkün olmadığı halda isə onu dövlət büdcəsinə köçürməməsinə görə inzibati xətanın bilavasitə obyekti olmuş ianə məbləğinin altmış faizindən səksən faizinədək məbləğdə cərimə ediləcək.
Eyni zamanda layihəyə əsasən, siyasi partiyanın qəbul etdiyi ianələrin məbləği və ianəni vermiş şəxslər, həmçinin, "Siyasi partiyalar haqqında" qanuna görə ianə hesab olunan maddi yardımlar barədə məlumatları Mərkəzi Seçki Komissiyasına təqdim etməməsinə, yaxud tam, düzgün və ya vaxtında təqdim etməməsinə görə vəzifəli şəxslər iki min manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər altı min manatdan səkkiz min manatadək məbləğdə cərimə olunacaq.
O cümlədən Mərkəzi Seçki Komissiyasına barəsində məlumat təqdim edilməmiş ianə üzrə siyasi partiya tərəfindən bank əməliyyatları və ya hər hansı digər əməliyyat aparılmasına görə vəzifəli şəxslər iki min manatdan üç manatadək məbləğdə, hüquqi şəxslər altı min manatdan səkkiz min manatadək məbləğdə cərimə olunacaq.
Yuxarıda qeyd olunan xətaya görə inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə fiziki şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər on min manatdan on beş min manatadək məbləğdə cərimə olunacaq.
Qüvvədə olan Məcəlləyə əsasən, "Siyasi partiyalar haqqında” Azərbaycan Respublikasının Qanunu ilə qadağan olunmuş vəsaitin, o cümlədən ianələrin siyasi partiyalar tərəfindən qəbul edilməsinə görə fiziki şəxslər yeddi yüz əlli manatdan min beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan üç min manatadək məbləğdə, hüquqi şəxslər səkkiz min manatdan on beş min manatadək məbləğdə cərimə edilir.