"Ölkəmizə gələn hər 3 turistin ikisi təyyarədən istifadə edir" - Deputat



 14:59 20.06.2023     324

"Bu ilin ilk 5 ayında Azərbaycana gələn turistlərin sayı 1.5 dəfə artaraq 713 min nəfərə çatıb. Gələnlərin 65.7 faizi qonşu ölkələrin vətəndaşlarıdır. Belə ki, turistlərin 32,4 faizi Rusiya, 20,0 faizi Türkiyə, 8,1 faizi İran, 5,2 faizi Gürcüstandan ölkəmizə səfər ediblər".

Demedi.az xəbər verir ki, bunu iqtisadçı deputat Vüqar Bayramov deyib. O bildirib ki, həmin müddətdə Çindən gələnlərin sayı 6,1 dəfə, Türkmənistandan - 3,9 dəfə, Hindistandan - 3,2 dəfə, Belarusdan - 2,7 dəfə, Özbəkistandan - 2,6 dəfə, Qazaxıstandan - 2,0 dəfə, Rusiya Federasiyasından - 2,0 dəfə, Böyük Britaniyadan - 1,8 dəfə, İsraildən - 1,7 dəfə, ABŞ-dan - 1,6 dəfə, Küveytdən - 43,8 faiz, Pakistandan - 43,0 faiz, Gürcüstandan - 41,7 faiz, Türkiyədən - 22,5 faiz, Omandan - 17,4 faiz, Birləşmiş Ərəb Əmirliklərindən - 14,7 faiz artıb.

"Diqqəti çəkən digər məqam turistlərin 31,9 faizi dəmir yolu və avtomobil, 66,6 faizi hava, 1,5 faizi isə dəniz nəqliyyatından istifadə etməsidir. Bu o deməkdir ki, ölkəmizə gələn hər üç tursitdən ikisi hava nəqliyyatından istifadə edir. Turizm mövsümünün başlanmasını nəzərə alaraq quru sərhədlərinin mərhələli açılması məqsədəuyğun olardı. Xüsusən Türkiyə və Gürcüstanla quru sərhədlərinin tam açılması məqsədəuyğundur. Hər iki ölkə strateji baxımdan Azərbaycanın tərəfdaşıdır. Quru sərhədlərinin mərhələli açılması iqtisadi aspektdən də əhəmiyyətlidir. Bu ölkəyə gələn turistlərin sayını artırmaqla yanaşı, xaricə gedən vətəndaşlarımızın daha asan və ucuz nəqliyyat imkanlarından istifadəsi baxımından da əhəmiyyətlidir".