Günəbaxan sahələri ildən-ilə genişləndirilir - VİDEO
Təkcə, bu il Tərtərdə 2 min 49 hektar sahədə günəbaxan bitkisi əkilib.
Elə rayonun özündə məhsulun satış bazarları olduğundan əldə olunan günəbaxan təsərrüfatçıların əlində qalmır. Məhz buna görə günəbaxan bitkisinin əkilib-becərilməsinə maraq getdikcə artır. Tərtər rayonunun İsmayılbəyli kənd sakini olan Pərvin Kərimli artıq bir neçə ildir ki, günəbaxan yetişdirir. Deyir ki, bu bitki qısa müddətə becərildiyindən və daha çox gəlir gətirdiyindən sərfəli hesab edilir. Məhsulun satış bazarları da mövcud olduğundan təsərrüfatçıların bu sahəyə ildən-ilə marağı artır. Ötən il bu sahədən xeyli mənfəət götürən fermer İlqar Mədətov da bu il günəbaxan sahələrini genişləndirib. İcaraəyə əlavə torpaqlar götürərək 20 hektara yaxın ərazidə bu bitkidən əkib. Tərtər Dövlət Aqrar İnkişaf Mərkəzindən verilən məlumata görə, bu il rayon ərazisində 2 min hektardan çox ərazidə günəbaxan əkilib. Təsərrüfatçılar bu il də yüksək məhsuldarlığa nail olacaqlarını və yaranan tələbat fonunda məhsulu həm də yaxşı qiymətə satacaqlarını proqnozlaşdırırlar.