Azərbaycan XİN: “Ermənistan silahlı qüvvələri Cənubi Qafqaz regionunda sabitliyi pozan əsas amildir”
“Ermənistan silahlı qüvvələri Cənubi Qafqaz regionunda sabitliyi pozan əsas amildir”.
Demedia.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Ayxan Hacızadə tviter səhifəsində Ermənistanın baş naziri Nikol Paşinyanın paylaşımına münasibət bildirərkən yazıb.
"Ermənistanın baş naziri növbəti dəfə beynəlxalq ictimaiyyəti çaşdırmağa çalışır. Azərbaycan tərəfi sadəcə öz hərbçisinin yaralandığı hərbi təxribata cavab tədbiri görüb", - o yazıb.
A.Hacızadə Cənubi Qafqaz regionunda sabitliyi pozan əsas amilin Ermənistan silahlı qüvvələri olduğunu qeyd edib: “Beynəlxalq hüquq normalarına və üçtərəfli bəyanatdan irəli gələn öhdəliklərə zidd olaraq, Ermənistan hərbçiləri Azərbaycan ərazisindən tam çıxarılmayıb”.
XİN sözçüsü bu qanunsuz birləşmələrin təhlükəsizliyə əsas təhdid olduğunu yazıb: “Azərbaycanın daxili işlərinə qarışmaq əvəzinə, Ermənistan öz üzərinə düşən öhdəlikləri yerinə yetirməli, Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə həm sözdə, həm də əməldə hörmət etməlidir”.